Xəbərlər

Əsas səhifə

Avtomobillərin katalizatorlarını oğurlayan şəxslər saxlanılıblar

28.05.2021

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı  Bakı şəhər sakinləri Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Suraxanı rayonun Yeni Günəşli qəsəbəsində 5, Xətai rayonunda isə 2 nəqliyyat vasitəsinin katalizatorunu oğurladıqları məlum olub. Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov ifadələrində əsasən gecə saatlarında “Toyota Prado” və “Toyota Prius” markalı avtomobillərin katalizatorlarını kəsib oğurladıqlarını etiraf ediblər.
Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Cambul Seyidova məxsus avtomobilin yük yerindən aşkar olunub. 
Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.