Xəbərlər

Əsas səhifə

İCTİMAİ TƏHLÜKƏSİZLİK UĞRUNDA

07.09.2015

Hər zaman səadət axtarışında olan insan başlıca xoşbəxtliyini ictimai təhlükəsizlikdə, can sağlığında görür. Elə həqiqətlər var ki, onları gizlətmək mümkün deyil. Azərbaycanda ictimai təhlükəsizlik elə etibarlı qorunan ölkələr sırasındadır ki, MDB ölkələri, qonşu dövlətlərlə möqayisədə hər 100 min nəfərə düşən cinayətlərin
sayı 40-50 faiz aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz Şərqi Avropa, Amerika ölkələrindən belə geridə deyil, irəlidədir.

İyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi özrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında vurğulanıb ki, ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.

Ümumiyyətlə, hər hansı bir ölkədə baş verən cinayətlər 80-90 faizdən yuxarı açılırsa, bu çox böyök nailiyyət hesab olunur. Polisin işinə az da olsa bələd olan adam dərk edir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Və qədər mübahisəli olsa da, polis bütün dövrlərdə cəmiyyətin etibar etdiyi, ən çətin və həyəcanlı anında axtardığı, arxalandığı qüvvədir. Azərbaycanda da belədir: Keçirilən rəy sorğularında respondentlərin təxminən 70 faizi polisin işindən razılıq edir. Amma il ərzində təkcə inzibati höquqpozmalarla bağlı bir milyondan artıq vətəndaş barəsində protokol tərtib olunursa, onların arasında polisdən narazılıq edənlər mütləq tapılır. Gecə-gündüz ictimai qaydaya nəzarət edən polislər hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazır olurlar. Bu zaman peşəkarlıqla mənəvi-psixoloji hazırlıq vəhdətdə olduğundan, hər bir polis əməkdaşının cinayətkarlığın qarşısını almaq, ictimai təhülkəsizliyi təmin etmək əsas məqsədidir.

Hansı yöndən baxsaq, aydın bir məntiq ortaya çıxır ki, Azərbaycan polisi ictimai təhlükəsizliyi etibarlı qorumaqla bərabər, vətəndaşların pozulan höquqlarını da bərpa edir. Azərbaycanda vətəndaşların polislə, digər hüquq mühafizə-orqanları ilə əlaqəsini göstərən təkcə bir faktı demək kifayətdir ki, bu gün cinayətlərin 60-70 faizdən çoxu vətəndaşların da yaxından iştirakı ilə açılır. Əslində, vətəndaş özü maraqlıdır ki, ölkəmizdə daxili sabitlik, əmin-amanlıq olsun. Təsadöfi deyil ki, cari ilin birinci yarısında “102” Zəng Mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilən çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.

Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə “Polis günü”nə həsr olunan təntənəli mərasimdə dediyi sözlərdir ki, gərək xalq polisi sevsin. Bu tövsiyə bu gün Azərbaycan Polisinin fəaliyyətinin əsasını təşkil edir. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mətbuata müsahibələrinin birində, bu barədə bildirir ki, gərək biz elə xidmət edək, özümüzü elə göstərək, vətəndaşlarımıza o dərəcədə qayğı ilə yanaşaq ki, onlar bizə etibar etsinlər, çətin məqamlarda bizi özlərinə arxa bilsinlər: “Mən bunu həmişə bizim əməkdaşlara deyirəm, Kollegiya iclaslarında da deyirik, xidməti hazırlıq dərslərində də şəxsi heyətə çatdırırıq. Bilirsiniz, məqsədə nail olmaq müəyyən vaxt tələb edir. Eyni zamanda bu istiqamətdəvəziyyət ilbəil yaxşılaşır. Bizim gələcək fəaliyyətimiz ona yönələcək ki, polis - xalq münasibəti daha da yaxşılaşsın, polisin cəmiyyətdəki nüfuzu günbəgün yüksəlsin, xalq polisi, polis də xalqı özünə arxa bilsin”.

Polis orqanlarının maddi-texniki bazası da ildən-ilə möhkəmlənir və modernləşir. Bütün bunlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Bir sözlə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Qərb və Avropa təmsilçiləri bu fikri daim bəyan edirlər ki, Azərbaycanda ictimai sabitlik etibarlı qorunur. Azərbaycan polisinin bu istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Bu, həm də o həqiqətin göstəricisidir ki, Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycan polisi dayanır.

Qanunlara tənzimlənən polisin fəaliyyəti o qədər görünən üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışları insanlar tərəfindən diqqətdə saxlanılır. Yenə o fikrə gəlirik ki, polis hadisə və prosesləri yozanların nə deməsindən asılı olmayaraq, ömumi maraqların təminatçısıdır. Deməli, səadət axtarışında olan insan başlıca xoşbəxtliyini ictimi təhlükəsizliyin etibarlı təminatında görür.