Xəbərlər

Əsas səhifə

Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb

04.10.2022


Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri, Məhəmməd Hadi küçəsi, Gəncə prospekti və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün əvvəllər məhkum olunublar. Həmin şəxslərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri onlayn yolla şəxsi istifadələri ilə yanaşı Xətai rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis idarəsinin (RPİ) İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb.

Ümumiyyətlə sentyabr ayı ərzində Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb və onlar barəsində cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.