Xəbərlər

Əsas səhifə

“Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi”

29.11.2016

Ölkəmizdə narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümummilli vəzifə hesab olunur. Bu məqsədlə polis əməkdaşları tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən orta məktəblərin müəllim-şagird kollektivi ilə görüşlər keçirilir, cəmiyyəti qayğılandıran narkomaniya bəlasının fəsadları barədə tövsiyələr, məsləhətlər verilir. 

Noyabrın 29-da paytaxtın Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda keçirilən tədbirdə Bakı Şəhər BPİ-nin, rаyоn polis idаrəsinin əməkdaşları, təhsil işçiləri, veteranlar və ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.
 
İnsanlığın bəlasına çevrilən “ağ ölüm”ə qarşı mübarizənin əhəmiyyəti vurğulanan tədbirdə narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, hər bir polis əməkdaşı narkomaniya bəlasına zəmin yaradan hallara qarşı mübarizədə səy göstərir, onun aradan qalxmasına çalışır.
 
Tədbirdə Bakı Şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova vurğulayıb ki, dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlət deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsi zəruridir. Müstəqil respublikamız artıq 20 ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda davamlı və məqsədyönlü addımlar atır. Bölmə rəisi diqqətə çatdırıb ki, bu illər ərzində narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilib, ölkəmiz beynəlxalq konvensiyalara qoşulub, qəbul olunan dövlət proqramları icra edilir.

Tədbirdə çıxış edən rayon veteranlar şurasının sədri, təqaüddə olan polis polkovniki Zakir Əhmədov qeyd edib ki, rayonda vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. O, narkomaniyanı heç bir yaş sərhədi tanımayan transmilli cinayət və ictimai xəstəliklərin ən geniş yayılmış forması kimi xarakterizə edərək dеyib кi, ümumən Azərbaycanda transmilli cinayətlərin növünə qarşı da ciddi mübarizə tədbirləri həyata keçirilir.
 
Narkotik vasitələrin əldə edilməsi, satışı və qəbulu ilə məşğul olanları tam aşkar etmək imkan xaricində olduğundan, ictimai nəzarətin təşkili və ona reaksiyanın verilməsi, habelə hüquqi maarifləndirmənin təhsil ocaqlarında ardıcıl аpаrılmаsı əhəmiyyət kəsb edir. 

Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis kapitanı Nail Ömərov qanunvericiliyin narkotik vasitələrlə bağlı tələblərinə toxunub, narkomaniyanın yayılmasının cəmiyyətin sağlam həyat tərzi üçün təhlükə olduğunu vurğulayıb.
 
O bildirilib ki, narkomaniyaya qarşı mübarizə işində valideyn və müəllimlərin, əmək kollektivlərinin də üzərinə böyük vəzifələr düşür.
 
Dialoq şəklində davam edən tədbirdə məktəbin direktoru Yəhya Abbasov yeniyetmələrin zərərli vərdişlərdən - narkomaniyadan qorunması üçün polis - məktəb əlaqələrinin əhəmiyyətindən danışıb və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb. 

Sonda  polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləyib, müəllim və şagirdləri maraqlandıran suallara ətraflı cavab veriblər.