Xəbərlər

Əsas səhifə

20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilib

20.01.2017

Yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.
Tədbir açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Bakı Şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirdi ki, 20 Yanvar faciəsi xalqımıza qarşı ötən əsrdə törədilmiş ən qanlı cinayət hadisələrindən biridir.

 Bu təcavüzün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıdığını bildirən rəis müavini, xalqın iradəsinin bu niyyətin həyata keçməsinə imkan vermədiyini xüsusilə vurğuladı.

Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun xüsusi təyinatlı dəstələrin və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu.

 Vuğulandı ki, ordu Bakıda və respublikanın rayonlarında 147 nəfəri öldürdü, 744 nəfər yaraladı, 841 nəfər qanunsuz olaraq həbs edildi. Hərbi qulluqçular tərəfindən 200 ev, mənzil dağıdıldı, 80 avtomaşın, o cömlədən təcili yardım maşınları yandırıldı.

Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev tarixdəki roluna diqqəti yönəldən polis polkovniki bildirdi ki, ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu.

 Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verildi.
Tədbirin sonunda Bakı Şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov  vurğuladı ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur.

 Azərbaycan xalqı 1990-cı ilin qanlı yanvarını həm faciə, həm də qəhramanlıq səhifəsi kimi yaşadı.

 Ancaq 20 Yanvar daha çox istiqlaliyyət uğrunda milli azadlıq mübarizəsi kimi Azərbaycanın tarixində qalacaq.