Xəbərlər

Əsas səhifə

İslamiadanın və Formula-1-in keçirildiyi günlərdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb

05.07.2017

IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində və bu mötəbər yarışların keçirildiyi günlərdə yol hərəkətinin tənzimlənməsində fəal iştirak edən yol polisi əməkdaşlarının bir qrupu iyulun 5-də mükafatlandırılıb.

2 iyul - Azərbaycan Polisi Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ), “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən yol polisi-sürücü münasibətləri layihəsi çərçivəsində təşkil edilən tədbirdə Milli Məclisin deputatları, QHT və ictimaiyyətin nümayəndələri, polis əməkdaşları iştirak ediblər.

İctimai Birliyin sədri Elməddin Muradlı bildirib ki, layihənin məqsədi yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inamın daha da artırılması, ictimaiyyətin diqqətini yol-nəqliyyat hadisələrinə yönəltməkdir. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün geniş maarifləndirmə işi aparılmalıdır. Qəzaların əksəriyyəti piyada vurulmasıdır ki, bu da sürücülərlə piyadalar arasındakı qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək, təbliğat işlərini gücləndirmək lazımdır.

Qeyd edilib ki, yol polisi əməkdaşları IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində və həmin yarışların keçirildiyi günlərdə qarşıya qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək xidməti peşəkarlıq nümayiş etdiriblər. Yarışların ölkəmizdə əmin-amanlıq şəraitində keçməsi üçün hüquq mühafizə orqanlarının, o cümlədən yol polisi əməkdaşlarının xidməti və fədakar fəaliyyəti vətəndaşlarımız və ölkəmizə gəlmiş çoxsaylı qonaqlar tərəfindən razılıqla qarşılanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev yol polisi əməkdaşlarının hər zaman yol hərəkəti təhlükəsizliyinin keşiyində nümunəvi fəaliyyət göstərməyə hazır olduqlarını deyib.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkəti təhlükəsizliyi ictimai təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Ona görə də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında cəmiyyətin hər bir üzvü iştirak etməlidir. Bunun üçün hər bir insan yol hərəkəti iştirakçısı kimi öz vəzifələrinə riayət etməli, qaydaları pozmamalıdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün maarifləndirmə və profilaktik işlərin görülməsinə diqqət artırılmalıdır.

Digər çıxış edənlər də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında və tənzimlənməsində dövlət yol polisi əməkdaşlarının rolundan söz açıb, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi zamanı xidmətdə fərqlənən 26 dövlət yol polisi əməkdaşına diplomlar və mükafatlar təqdim olunub.