Xəbərlər

Əsas səhifə

VETERANLARLA GÖRÜŞ

04.07.2017

Tədbir iştirakçılarını salamlayan idarənin rəisi, polis polkovniki Muradəli Babayev Azərbaycanın sabitlik adası kimi bütün dünyanın diqqət mərkəzində olduğunu və məhz bunun nəticəsi olaraq beynəlxalq tədbirlərin, idman yarışlarının ölkəmizdə keçirildiyini, dilindən, dinindən asılı olmayaraq hər kəsin sülh və əmin-amanlıq şəraitində yaşadığını, multikultiralizmin ən ali dəyər kimi qorunub-saxlanıldığını diqqətə çatdırdı. İdarə rəisi çıxışında orta və ali təhsil ocaqlarında narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən tədbirlərdə veteranların da xüsusi rolu olduğunu vurğuladı. 

Daha sonra çıxış edən Bakı Şəhər Baş Polis İdarəsi rəisinin şəxsi reyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev bildirdi ki, əməkdaşlar tərəfindən insanlara həssas münasibətin göstərilməsi, onların problemlərinə böyük diqqət və qayğı ilə yanaşılması polisin nüfuzunun daha da artırılmasında xüsusi rol oynayır. Qeyd olundu ki, şəxsi heyətdə yüksək vətənpərvərlik şüurunun, əsl vətəndaş mövqeyinin formalaşdırılması, onlarda müstəqilliyimizin həyati əhəmiyyətə malik olması, dövlətimizin müstəqilliyi üçün lazım gəldikdə, həyatından belə keçməsinin vacibliyinin aşılanması istiqamətində ardıcıl tədbirlər keçirilməli və bu istiqamətdə psixoloji hazırlığın möhkəmləndirilməsi üçün müvafiq işlərin aparılması təmin edilməlidir.

DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq gənc əməkdaşların polis veteranlarının təcrübəsindən daim yararlanaraq peşəkarlığını artıracağını diqqətə çatdırdı. 
Bakı Şəhər BPİ Veteranlar Şurasının sədri Emin Məmmədov  bildirdi ki, şura üzvləri 2017-ci ilin 6 ayında "Narkomaniyaya yox deyək", "Siqaret zərərli vərdişdir" və "Vətənpərvərlik ruhu" mövzularında təhsil müəssisələrində çoxsaylı görüşlər keçiriblər. BPİ-nin Veteranlar Şurası NMİ və İcTİ-nin əməkdaşları ilə birliklə 38 təhsil müəssisəsində, ŞHİİ-nin əməkdaşları gənc əməkdaşlarla 18, vətəndaşlarla 14 görüş keçirib. Ümumilikdə Veteranlar Şurası 70 görüş keçirib. 

Xətai RPİ Veteranlar Şurasının sədri Nazim Xıdırov bir zamanlar daxili işlər orqanlarında üzləşdikləri çətinliklərdən danışdı. Qeyd etdi ki, bu gün polisin işləməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. DİN hər cür texniki vasitə, avadanlıqla təchiz olunub. 
Tədbirin sonunda Respublika Veteranlar Birliyi adından idarə rəisi M.Babayevə general «Əliağa Şıxlınski» medalı təqdim edildi. Tədbirə yekun vuran idarə rəisi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında,  profilaktikasında,  təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından  bundan sonra da yararlanacaqlarını vurğuladı.