Xəbərlər

Əsas səhifə

Vətəndaşlar etiraf edir

29.07.2017

Vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması, haqlı tələblərinin təmin edilməsi DİN rəhbərliyinin hər bir polis əməkdaşının üzərinə qoyduğu ən vacib vəzifələrdən biridir.
 
Bu reallıq, vətəndaşların qəbul edilməsi, müraciətlərinə baxılması məsələləri ilə əlaqədar DİN, Bakı Şəhər BPİ və yerli polis orqanlarına göndərilən çoxsaylı təşəkkür məktublarında etiraf olunur. Görülən işlərin nəticəsi olaraq göndərilən məktublar polis-vətəndaş münasibətinin yüksək səviyyəsindən xəbər verir. Haqqında bəhs etdiyimiz təşəkkür məktublarından bəzilərini diqqətə çatdırırıq.

Xətai rayon sakini Rzayev Anar Nəsir oğlu məktubunda bildirir ki, haqqında yazılmış protokoldan Bakı Şəhər BPİ-yə müraciət edib. İdarə əməkdaşlarının protokolun ləğv olunmasında ona yardımçı olduğu üçün Bakı Şəhər BPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

DİN rəhbərliyinə ünvanlanmış digər məktubda Yasamal rayon sakini İsmayılzadə Rafiq Tofiq oğlu qarşılaşdığı insidentlə bağlı Səbail RPİ 8-ci PB-yə müraciət etdiyini bildirir. İşi araşdıran sahə inspektoru, polis leytenantı Musayev Fuad Nizami oğlunun operativ çalışmaları nəticəsində məsələ 3 gün ərzində öz həllini tapıb.

Səbail rayon sakini Qurbanova Səidə Şükür qızı üzləşdiyi qanunsuzluqla bağlı Bakı Şəhər BPİ-yə müraciət edib. İdarənin ŞHİÜ böyük köməkçisi, polis polkovniki Əli Vəliyev və CAİ-nin rəisi, polis polkovniki Əlaslan Ağayevin köməkliyi sayəsində haqq-ədalət öz yerini tapdığı üçün o, Bakı Şəhər BPİ rəhbərliyinə təşəkkür edir.

DİN rəhbərliyinə ünvanlanmış başqa bir məktubu Ağdam rayon sakini Məmmədova Şirin Alı qızı göndərib. Məktubda qeyd olunur ki, Nərimanov RPİ-nin müstəntiqi, polis baş leytenantı Cavid Mirzəlinin səyi nəticəsində ona dəymiş ziyan ödənilib.

Yasamal rayon sakini Rzayev Mehman Aydın oğlu şikayət ərizəsi ilə Bakı Şəhər BPİ-yə müraciət edib. Burada Daxili Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən məsələyə hüquqi qiymət verildiyinə görə Mehman DİN rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Mirzəyev Zair Sübhan oğlunun DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bakı Şəhər BPİ DYP və Nizami RPİ DYP əməkdaşlarının dəfələrlə ona kömək etmələrindən bəhs olunur.

Binəqədi rayon sakini Kazımov Bakir Tili oğlu məktubunda bildirir ki, şikayət ərizəsi ilə DİN-ə müraciət edib. Ərizə müvafiq olaraq Bakı Şəhər BPİ-yə yönləndirilib. Burada onu Baş İdarə rəisinin ŞHİÜ köməkçiləri qarşılayıb, işi araşdıraraq obyektiv qərar qəbul ediblər. Məsələyə operativ şəkildə reaksiya verdiklərinə görə, Bakir DİN və Bakı Şəhər BPİ rəhbərliyinə minnətdarlığını bildirir.

Nizami rayon sakini Zəkəryəyeva Gülafət Rəhim qızı təşəkkür məktubunda yol-nəqliyyat hadisəsinin zərərçəkmiş tərəfi olduğunu qeyd edir. Cinayət işinin ibtidai istintaqı zamanı Nəsimi RPİ İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhimov Ceyhun Vidadi oğlu yüksək peşəkarlıq, obyektivlik və operativlik nümayiş etdirərək işin açılmasına yardımçı olub. Gülafət xanım peşəsinin öhdəsindən layiqincə gələn polis əməkdaşları yetişdirdiyinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Növbəti təşəkkür məktubları vətəndaşlar arasında olan pul mübahisəsini hüquq müstəvisində həll edən polis əməkdaşları haqqındadır. Birinci məktubu Xətai rayon sakini Həşimov Balaşah Mürsəli oğlu göndərib. Xətai polisinə rəsmi müraciətdən sonra RPİ-nin təhqiqatçısı Zülfüqar Vənətiyevin köməkliyi ilə borclu şəxsdən pulunu alan Balaşah DİN rəhbərliyinə minnətdarlığını bildirir.
 Eyni məsələ ilə bağlı ikinci məktub Nərimanov rayonundan göndərilib. Vətəndaş Ələkbərov Abbas Müseyib oğlu DİN rəhbərliyinə ünvanladığı məktubda qeyd edir ki, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşlarının köməkliyi sayəsində borclu şəxsdən 950 manatını geri alıb.

Oxuduğunuz bu məktubları nəzərdən keçirdikcə polisin hər bir vətəndaşın qayğılarına necə həssaslıqla yanaşdığının şahidi oluruq. Məktublarda həmçinin polisin insanları narahat edən problemləri aradan qaldırmaqla yanaşı, onu doğuran səbəbləri də müəyyən edərək qarşısını aldığını görürük.