Xəbərlər

Əsas səhifə

Polis veteranları ilə gənc əməkdaşların görüşü keçirilib

02.12.2017

Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə polis veteranları ilə gənc əməkdaşların görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan RPİ-nin rəisi, polis polkovniki Şəmşir Kazımov bu gün cəmiyyətimizdə polis veteranlarının təcrübəsinə, onların yardımına böyük ehtiyacın olduğunu xatırlatdı. Dedi ki, məktəblərdə, əmək kollektivlərində paytaxtda və yerlərdə narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən tədbirlərdə veteranların verdiyi dəstək əldə olunan nailiyyətləri daha da davamlı edir.

İdarə rəisi, həmçinin ilin müvafiq dövrü ərzində Səbail rayonunda törədilmiş cinayətlərdən 130-nun məhz veteranların iştirakı ilə açıldığını bildirib.

DİN veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Ramiz Axundov respublikamızda polis veteranı hərəkatını gücləndirmək, ölkədə əmin-amanlığın qorunmasını, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təmin etmək, cəmiyyətdə polis haqqında müsbət rəyin formalaşmasında iştirak etmək, onların təcrübəsindən yararlanmaq, eləcə də onların öz problemlərinin həllində kömək göstərmək məqsədilə görülən tədbirlərin DİN rəhbərliyinin xüsusi nəzarətində olduğunu diqqətə çatdırdı.

O, gənc əməkdaşlara qarşıya çıxan çətinlikıərdən qorxmamağı, vətəndaşlarla münasibətdə səmimi olmağı, qanunun tələblərinə ciddi şəkildə əməl etməyi, ən ümdəsi, Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə etdi.

Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov ölkəmizdə gənclərin sağlam, intellektual səviyyəli inkişafının həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunduğuna diqqət çəkərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və dövlətçiliyə sədaqət ruhunda yetişməsi üçün polis veteranlarının da üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

O, həmçinin polis orqanları rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açdı və yaradılmış şəraitdən, ali diqqət və qayğıdan xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında yararlanmalarını arzuladı.

Səbail Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Məmməd Qədimov veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlməsini gələcək uğurlara yol açacağına, daxili işlər orqanları əməkdaşlarının, xüsusən də gənclərin işində dönüş yaradacağına əminliyini ifadə etdi.

Tədbirə yekun vuran rəis, polis polkovniki Şəmşir Kazımov daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarını vurğuladı.

Yeri gəlmişkən, tədbirdə Polis Akademiyasının 5-ci kurs kursantları da iştirak edirdilər.

Sonra veteranlarla gənc polis əməkdaşları and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət etdilər, azadlığımız uğrunda canlarını fəda edən oğul və qızlarımızın məzarları önünə tər çiçəklər düzdülər.