Xəbərlər

Əsas səhifə

Binəqədidə yetkinlik yaşına çatmayanlarla bağlı maarifləndirmə tədbiri keçirilib

06.12.2017

Daxili İşlər Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyətinə dair maarifləndirmə tədbiri keçirilib.
RİH-dən bildirilib ki, RİH başçısının müavini, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün Əliyeva son illərdə rayonda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlərdən danışıb. O, bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd edib.
Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış edib.
Binəqədi Rayon Polis İdarəsinin rəisi müavini, polis polkovnik-leytenantı Oqtay Süleymanlı dini radikalizmin zərərli təsirləri haqqında məlumat verib.
Həkim-narkoloq Bəhram Əhmədov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılmasından danışıb.
Binəqədi rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova isə yetkinlik yaşına çatmayan qızların erkən nikahlara cəlb edilməsinin qarşısının alınmasına dair görülən işlərdən danışaraq, son illərdə Binəqədidə bu yöndə statistik azalmanın olduğunu bildirib.
Sonda DİN-in hazırladığı videoçarx nümayiş etdirilib.