Xəbərlər

Əsas səhifə

Bizi beynəlxalq yarışda onlar təmsil edəcəklər

11.12.2017

Dekabrın 7-dən 9-dək əlbəyaxa döyüş üzrə daxili işlər orqanlarının birinciliyi keçirilib. DİN Mətbuat xidmətin verilən məlumata görə, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi bu gün göz qabağındadır. Ulu öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm dövlət başçımızın diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Daha sonra İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.
Böyük tamaşaçı kütləsinin maraqla gözlədiyi yarışda idmançılar əvvəlcə nümunəvi çıxışlar göstəriblər. Sonra tam kontakt əlbəyaxa döyüş növləri üzrə turnirə start verilib.
 
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan olan 80 idmançı tatami üzərinə çıxıb.
Gərgin keçən yarışlarda mübarizə aparan iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda olaraq ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Sumqayıt ŞPİ və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları qərarlaşıblar.
Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Nurlan Hacıyev (65 kq, DİN DQBİ), Natiq Allahyarov (70 kq, DQBİ), Ənvər Nəhmətov (75 kq, Bakı Şəhər BPİ), Tural Süleymanov (80 kq, DİN DQBİ), Müşviq Hüseynov (85 kq, DQBİ), Tural Bayramov (90 kq, BDYPİ), Anar Həşimov (+90, Sumqayıt ŞPİ) yarışın baş mükafatını qazanaraq çempion olublar.
 
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyli iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artırdığını diqqətə çatdırıb. O, bildirib ki, keçirilən turnirin qalibləri hər il Qazaxıstanda baş tutan MDB dövlətlərinin daxili işlər orqanlarının əməkdaşları arasında keçiriləcək əlbəyaxa döyüş üzrə çempionata vəsiqə qazanıblar.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.