Xəbərlər

Əsas səhifə

Polisin fəaliyyətində meyarlar

07.06.2018

Ölkəmizdə ildən-ilə cinayət və cinayətkarlıq meydanının daralması polisin daha həssas olmağını şərtləndirdiyi indiki dövrdə ictimai təhlükəsizliyin etibarlı təminatı adi həyat normasına çevrilib. Yəni, əgər biz 5 il, lap 10 il öncəyə nəzər salsaq, polis orqanlarının fəaliyyətində keçilən yol qısa, qazanılan nailiyyətlər isə çoxdur. Cinayətlərin statistikasında qəsdən sağlamlığa ağır zərərvurmalar, hədə-qorxu ilə tələb etmələr, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar, xuliqanlıqlar azalıb, adamların girov götürülməsi, banditizm kimi ağır cinayətlər isə qeydə alınmayıb.

Azərbaycanda, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, daxili işlər orqanlarında da islahatlar, müasir dövrün çağırışları ilə paralel aparılır, davamlı, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilir.Və etiraf edək ki, bu proses kompaniya xarakteri daşımır, ardıcıl olaraq həyata keçirilir. Bu gün Azərbaycan polisinin 100 illiyi haqqında danışarkən, ötən dövrdə polisin keçdiyi yola layiqli qiymət verərkən qeyd olunan reallıqlar – qanunçuluğun qorunması, cinayətkarlığa qarşı əzmkar mübarizə, əmin-amanlığın etibarlı təmin olunması əsas meyarlardan biridir. Qarşıya qoyulan konkret vəzifə ondan ibarətdir ki, hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır.

Həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir. Bu prinsiplər hər bir polis əməkdaşının ictimai məsuliyyətini artırır. Müşahidələr və təhlillər göstərir ki, polis orqanlarının fəaliyyətinin qabaqcıl ənənələrə uyğun təkmilləşdirilməsi xüsusilə, cinayətkarlığa qarşı mübarizədə həyata keçirdiyi kompleks tədbirlər o qədər geniş miqyas alıb ki, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Ulu öndər Heydər Əliyev 1998-ci ildə Azərbaycan polisinin şəxsi heyətinə müracətində polisin ideya və istiqamətlərini aydın göstərərək vurğulayırdı ki, polis peşəsi ağır peşədir: “O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Bunların hamısı bir yerdə cəmləşməsə, biz layiqli və mütəşəkkil polis yarada bilmərik. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar səviyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır”. 

Ölkəmizdə milliyyətindən, ictimai mənsubiyyətindən, sosial statusundan və əqidəsindən asılı olmayaraq hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır. Törədilən hər bir hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi hamıya aiddir. Çünki sabitlik olmayan yerdə nə demokratiyadan, nə insan haqlarından, nə iqtisadi inkişafdan, nə də ki, sosial problemlərin həllindən danışmaq olar. İctimai sabitliyin keşiyində dayanan hər bir hakimiyyət nümayəndəsi - polis ümumvətəndaş dəstəyinə arxalanmaqla cəmiyyətdə Konstitusiya hüquqlarının etibarlı təminatına öz fəaliyyəti ilə zəmanət verir. 
    
“Polis” qəzeti