Xəbərlər

Əsas səhifə

Təşəkkür məktublarında vətəndaşlar yazır

11.06.2018

Respublika daxilində ictimai təhlükəsizliyin və ictimai qaydanın, sabitliyin qorunub saxlanılmasında polisin rolu böyükdür və danılmazdır. Azərbaycan polisi daima vətəndaşların keşiyində durur və  onları qoruyur.
Vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması DİN rəhbərliyinin hər bir polis əməkdaşının üzərinə qoyduğu ən vacib vəzifələrdən biridir. Bu məsələlərlə əlaqədar DİN, Bakı Şəhər BPİ və yerli polis orqanlarına çoxsaylı müraciətlər daxil olur.
Təşəkkür məktubları vətəndaşların müraciətləri içərisində çoxluq təşkil edir və onlardan bir neçəsini təqdim edirik. 
Heybət Şahbazov Lerik rayon Veri kənd əhalisi adından DİN rəhbərliyinə  müraciət ünvanlayıb. Müraciətdə Xəzər RPİ-nin rəisi Azər Muradovun rayon sakinlərinə həssas münasibətindən, vətəndaşlara qayğısından bəhs olunur.
Binəqədi rayon sakini Xoşxəbər İmamverdiyev məktubunda qeyd edib ki, “America school” tədris mərkəzinin müdiri qohumunun etibarından sui-istifadə edib. ABŞ-da 2 həftəlik kursa göndərmək adı ilə 1290 dollarını mənimsəyib. Polisə müraciətdən sonra dəymiş maddi ziyan tam ödənilib.
Səbail rayon sakini Gülzarə Məmmədovaya qarşı martın 30-da soyğunçuluq törədilib. Lakin ərazidə olan Nəsimi RPİ əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində həmin şəxs saxlanılıb.
Sabunçu rayon sakini Ələkbər Abdullayev dələduzluğa məruz qalıb. Bakı Şəhər BPİ-yə müraciət etdikdən qısa zaman sonra problem həllini tapıb.
Başqa bir vətəndaş - Kamil Mustafayev də dələduzluqla bağlı DİN-ə məlumat verib. Binəqədi RPİ Təhqiqat Şöbəsi əməkdaşlarının operativ araşdırmaları ilə üç nəfərdən ibarət dəstə yaxalanıb, dəymiş ziyan ödənilib.
Xətai rayon sakini Kənan Həsənov ona qarşı törədilmiş cinayətin üstünün açılması, dəymiş ziyanın ödənilməsində göstərdiyi köməkliyə görə rayon polisinə təşəkkürünü bildirir. DİN rəhbərliyinə ünvanlanmış məktubda Surə Ağayeva bildirir ki, oğlunun Yeni Ramana qəsəbəsindəki evindən oğurluq edilib. İşi araşdıran Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Şövqü Əsgərov oğrunun qısa zamanda yaxalanması və zərərin geri qaytarılmasını təmin edib.
DİN-ə elektron ərizə ilə müraciət edən Səbail rayon sakini Səadət Əhmədovanın şikayəti Bakı Şəhər BPİ Təhqiqat Şöbəsinin rəisi Vilayət Kazımovun rəhbərliyi altında qısa müddətdə həllini tapıb.
Nizami rayon sakini Zülfiyyə Əliyeva övladına atılan böhtanın qanun çərçivəsində araşdırılıb, işə xitam verilməsindəki köməkliyinə görə Nizami RPİ-nin əməkdaşları Müslüm Quliyev və Abdulla Cəlilliyə təşəkkür edir.
Martın 25-də R.Rza küçəsində qaz xəttində qeyri-qanuni qoşulmalar hesabına qazın təzyiqi normadan aşağı düşüb. Hadisə həftənin bazar günü baş verdiyindən sakinlər problemin gün ərzində həll olunması üçün “102” Xidmətinə zəng vurublar. Əraziyə gələn 21-ci PB əməkdaşları aidiyyəti qurumların əməkdaşlarını cəlb edərək qaz təchizatı problemini həll ediblər. Ərazi sakinləri adından bölmə əməkdaşlarına minnətdarlığını bildirən Çingiz Əkbərov məktubunu bu cümlə ilə bitirib: “Biz Azərbaycan Polisi ilə fəxr edirik!”