Xəbərlər

Əsas səhifə

Qocaman Qanun Keşikçisi

27.06.2018

Dövlətimizin respublika quruluşunun 100 illiyini mayın 28-də qeyd etdik, iyulun 2-də isə Azərbaycan polisinin yaranmasının bir əsri tamam olur. Deməli, dövlətilə həmyaşıd olan polis düz bir əsrdir Azərbaycanı bütün növ cinayətkar təhdidlərdən qoruyur, qanunların keşiyini çəkir, yeri gəlir, bu amal uğrunda canını belə əsirgəmir.  
Əslində, mənşə etibarıyla “polis”lə “dövlət” bir-birnə yad anlayışlar deyil. Məlumdur ki, “polis” sözünün ilkin mənası elə “dövlət” deməkdir və qədim yunan şəhər-dövlətlərində dövlət məsuliyyətinin bütün sahələrini əhatə edirdi. Yalnız XIX əsrdə polis sözü tam mənasıyla cinayətkarlıqla mübarizənin funksiyalarına aid edilməyə başlayır. 

1918-ci ilin mayın 28-də Cümhuriyyət elan olunandan bir gün sonra ilk milli hökumətin əsas addımlarından biri kimi məhz Daxili İşlər Nazirliyinin yaradılması dövlət quruculuğu üçün polisin nə qədər əhəmiyyətli rol oynadığı və öz tarixi anlayışından heç də uzaq düşmədiyinin göstəricisi olmuşdu. AXC hökumətinin qərarı ilə iyulun 2-də Azərbaycanda ilk asayişi mühafizə dəstələri yaradılır. Şərqin birinci demokratik respublikasının ilk polis orqanları olan bu dəstələr müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynayır. Polisi dövlətin sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev də məhz bu tarixi faktı nəzərə alaraq, iyulun 2-ni “Azərbaycan Polisi Günü” elan etmişdi. 
Azərbaycan polisi xidmətinə erməni-daşnak millətçilərinə qarşı dirənməklə başlayıb. Bu dövr polisin fədakar xidmətin yazıldığı ilk günlər kimi tarixə düşüb. Bakıda və ətraf bir neçə qəzada Martı soyqırımı kimi dəhşətli kütləvi qətlər törətmış böyük cinayətkar dəstələrin mövcud olduğu dövrdə Azərbaycan polisi əsl qəhrəmanlıq örnəyi sərgiləyirdi. Polis həm xalqın azadlığını və dövlətin müstəqilliyini müdafiə edir, həm də separatizmə qarşı əzmlə mübarizə aparırdı.
 
Tarix elə gətirir ilk müstəqil dövlətimiz süqut edir. Siyasi sistem, siyasi quruluş dəyişir, tariximizin sovet mərhələsi başlayır - polis də dəyişməli olur. Lakin tarixçilərin də dediyi kimi, polisin dövlətçilik atributlarına sadiqliyi və  Azərbaycan amalı dəyişmədi, asayiş keşikçiləri həmişə bu torpaqların oğlu olaraq qaldı. Bunu əsrin sonlarında erməni işqalına qarşı səngərdə şəhid olarkən nümayiş etdirirdi. Dağlıq Qarabağ münaqişəsi başladığı ilk vaxtlarda milli ordu hələ formalaşmadığından torpaqlarımız, məlum olduğu kimi, DİN-in polis dəstələri, daxili qoşunlar və yerli özünü müdafiə batalyonları tərəfindən müdafiə olunurdu. Bu zaman Azərbaycan polisi, Bakı Polis Qarnizonu təşkilatlanmış vahid güc kimi ərazi bütövlüyü uğrunda vuruşurdu. Xidməti vəzifələri Qarabağda asayişin təmin edilməsi olsa da, polis səngərdə əsgər kimi vuruşurdu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən bu döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən yüzlərlə polis əməkdaşı və hərbi qulluqçu şəhid oldu, itkin düşdü, ağır xəsarət aldı. 

Dağlıq Qarabağın müdafiəsində daxili işlər orqanlarının fədakarlığı polisin tarixi missiyasının təkrarlandığını göstərirdi. Cümhuriyyət ruhuyla yenicə müstəqilliyini bərpa etmiş Azərbyacanda polis yenə separatizmə qarşı mübarizə aparırdı, yenə müstəqilliyi müdafiə etmək üçün əzmkarlıq göstərir, yenə də cinayətkar dəstələrlə üz-üzə gəlirdi.  
Yüz il keçir və Azərbaycan polisinin əsas uğuru dövlətin bütün ərazisində etibarlı ictimai-siyasi sabitlik yaratmaq və onun dönməzliyini təmin etməkdir. Bu gün dünyada, hətta bizə yaxın coğrafiyada çox mürəkkəb hadisələr cərəyan edir. Yaxın dövlətlərdə hökm sürən xaotik böhranlar, dini zəmində baş verən qarşıdurmalar bəzi xalqlar üçün heç də nikbin gələcək vəd etmir. Bu hadisələrin bəlkə də yeganə müsbət tərəfi baxıb ibrət götürməkdir. Məsələn, əlinə silah götürüb hansısa terror təşkilatının tərkibində niyə və nəyə görə vuruşduğunu bilməyən gənclərin ortada uğursuz taleləri var. Onlar mücərrəd ideyalar uğrunda mənasız mübarizə aparır, öldürür və ölürlər.

Azərbaycanda isə sabitlik etibarlıdır, əmin-amanlıq region ölkələri arasında və hətta Avropanın əksər dövlətləri ilə müqaisədə daha yaxşı qorunur. Artıq ölkəmiz təhlükəsizlik mühitinə görə dünyanın diqqətini üzərinə cəlb edib. 
Bu gün dünya nəhəngləri Bakıda görüşür – bura həm idman sahəsinin nümayəndələri, həm mədəni, həm siyasi, hətta hərbi münaqişə həddinə çatmış hegomonların görüş yerinə çevrilir. Çünki bura daha təhlükəsizdir, daha etibarlıdır. Bir əsr bundan qabaq şərqdə ilk demokratik dövlət yaratmışdıq, əsrin sonunda bunun üzərinə qərbin və şərqin təhlükəsiz, etibarlı, güclü, nüfuzlu dövlətinə sahib olma əlamətlərini də əlavə etmiş oluruq...

“Polis qəzeti”