Xəbərlər

Əsas səhifə

Vətəndaşlar Polisə Minnətdarlıq Edir

04.07.2018

Dövlət nümayəndələri olaraq polis əməkdaşları daim xalqın yanındadır. Odur ki, vətəndaşlar da onları öz doğmaları kimi qəbul edir, üzləşdiyi  bütün problemlərlə, qanun pozuntuları ilə bağlı polis idarələrinə rahat, arxayın şəkildə müraciət edir. Çünki vətəndaş əmindir ki, polis qanunsuzluqlara “dur” deyən qurumdur.

Daxili işlər orqanlarına edilmiş müraciətlər heç bir halda cavabsız qalmır, hər bir məsələyə adekvat cavab verilir. Qeyri-qanuni əməllərin qarşısı alınır. Bütün bunlar da yalnız bir məqsədə - vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Vətəndaşlar da polisə minnətdarlıq edirlər.
Xətai rayon sakini Elşən Teymurov əmlakının oğurlanması ilə əlaqədar Nəsimi RPİ-yə məlumat verib. Məlumat İdarənin İstintaq Şöbəsində araşdırılıb, hadisəni törətmiş şəxs saxlanılıb, dəymiş ziyan ödətdirilib.

Mart ayının 11-də Xəzər rayon sakini Qalabəy Ağalarlının evindən oğurluq edilib. İşi araşdıran Xəzər RPİ-nin baş müstəntiqi, polis mayoru İsmayıl Babayev oğrunun yaxalanması və zərərin tam ödənilməsini təmin edib.
Yasamal rayon sakini Elmira Ələskərova probleminin həll olunmasında göstərdiyi köməkliyə görə Yasamal RPİ Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Binəqədi rayon sakini Coşqun Dadaşov və Nəsimi rayon sakini Afət Kazımova eyni növ məsələ - külli miqdarda pulun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Nəsimi RPİ-yə müraciət ediblər. İstintaq Şöbəsi əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində hər iki şəxsə dəymiş ziyan qısa zamanda geri qaytarılıb.

DİN rəhbərliyinə ünvanlanmış digər məktubda Xətai rayon sakini Nəbi Əsgərov qeyd edir ki, Ceyhun Abışov adlı şəxs oğlundan 8 min manat borc alsa da geri qaytarmaqdan boyun qaçırıb. Polisə müraciətdən sonra Nizami RPİ İstintaq Şöbəsinin əməkdaşları pulun ödənilməsini təmin ediblər.
Sumqayıt şəhər sakini Günel Məmmədrzayeva keçmiş həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalması barədə polisə müraciət edib. Səbail RPİ İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlı istintaqı obyektiv aparıb, cinayət işini CM-in 133-cü maddəsilə (İşgəncə vermə) Rayon Məhkəməsinə göndərib.
Nəsimi rayon sakini Roman Bulko təşəkkür məktubunda 22-ci PŞ-nin əməkdaşlarının çeviklik və peşəkarlığından bəhs edir.

Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Mahmud Kasımbekovun rəhbərlik etdiyi nümayəndə heyəti “Nursultan Nazarbayev. Bioqrafiya” kitabının təqdimatı üçün iyunun 11-dən 14-dək Bakıda səfərdə olub. Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev səfər müddətində nümayəndə heyətini yüksək peşəkarlıqla müşayiət etdiyinə görə Bakı Şəhər DYPİ-nin 421 nömrəli avtomobildə xidmət edən əməkdaşlarına təşəkkürünü bildirir.
Səbail rayon sakini Akif Qurbanov M.Müşfiq küçəsi 4b nömrəli binanın sakinləri adından göndərdiyi məktubunda bildirir ki, avtomobillərin binanın yaxınlığında parklanmasına icazə verilməsinə görə DİN-ə müraciət ediblər. DİN rəhbərliyinin məsələyə operativ reaksiyası, diqqət və qayğısı nəticəsində müraciətə müsbət cavab verilib.

Ağdam rayon sakini Süleyman İsbəndiyarov Nəsimi RPİ-nin baş müstəntiqi Maral Əliyevanın xidmətindən razılığını ifadə edir. Belə ki, polis zabiti dəymiş ziyanın ödənilməsini təmin edib.
İtaliyanın Bakıdakı səfirliyi iyunun 1-də İtaliya Respublikasının milli bayramı münasibətilə rəsmi mərasim keçirib. İtaliya Respublikasının Bakıdakı səfiri Augusto Massari Səbail RPİ və Bakı Şəhər DYPİ-nin YPX alayının mərasimin təşkilindəki konstruktiv və məhsuldar əməkdaşlığı üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir.

“Polis” qəzeti