Xəbərlər

Əsas səhifə

Toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb

08.08.2018

Bakı şəhərində avtoxuliqanlıq edərək yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan sürücülərin davranışı diqqətdə saxlanılır. Yollarda müşahidə olunan təhlükəli hallar sırasında, xüsusilə toy karvanlarında iştirak edən avtomobillərin manevr və hərəkətləri, hüquqazidd əməlləri “Təhlükəsiz şəhər” informasiya texnologiyalarının imkanlarından yararlanmaqla müəyyən olunur.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsindən verilən məlumata görə, avqustun 6-da Binəqədi rayonu ərazisində toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərinin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb. “Təhlükəsiz şəhər” kameralarının köməyi ilə qeydə alınan fakt üzrə dörd avtomobil müəyyən olunmaqla, xətanın xüsusatları Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində araşdırılıb, toplanan materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bərdə rayonu, Hacıallı kəndində qeydiyyatda olan, taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2106” markalı, 10 LA 821 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Rəhimli Rəhim Yusif oğlu, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan, “VAZ-2106” markalı, 90 MF 936 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Nəbiyev Vüsal Eldar oğlu və Beyləqan rayonunda qeydiyyatda olan, Bakı şəhərində yaşayan, “Daewoo Gentra” markalı, 99 AM 776 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Mehdiyev Cəlil Firdovsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1–ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs tətbiq edilib.

Həbs edilən şəxslərlə müvəqqəti saxlama təcridxanasında profilaktik söhbətlər aparılıb. Törədilən hər bir əmələ görə cəzalanan şəxslər bu əməllərindən peşmançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu etiraf ediblər.