Xəbərlər

Əsas səhifə

Polisin fəaliyyəti etiraf olunur

17.08.2018

Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət polis orqanlarının fəaliyyətində əsas məqsədlərdən biridir. Özünü, həyatını bu peşəyə həsr edən polisin məqsədi ictimai asayişin, sabitliyin etibarlı qorunmasına yönəlib.
Vətəndaşların qəbul edilməsi, müraciətlərinə baxılması məsələlərilə əlaqədar Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinə çoxsaylı minnətdarlıq məktubları göndərilir. Polisə ünvanlanmış məktubların hamısını dərc etmək mövcud imkanlar daxilində olmadığına görə, yalnız bir qismilə kifayətlənməli oluruq. Amma yeri gəldikcə polisin fəaliyyəti ilə bağlı məktublara yer ayırmağa, onların fikirləri ilə tanış olmağa çalışırıq ki, qeyd edilən qarşılıqlı münasibətlə bağlı fikirlərimizin əbəs olmadığını bölüşək...
Xətai rayon sakini Elçin Məmmədov məktubunda qeyd edir ki, iyulun 22-də Nəsimi rayonundakı apteklərdən birinin xanım satıcısına qarşı quldurluq edilib və kassadan pul aparılıb. Hadisə barədə “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat verildikdən sonra əraziyə Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları gəlib. Şöbə əməkdaşları “isti izlərlə” hadisəni törətmiş şəxsləri yaxalayaraq istintaqa təhvil veriblər.
Nəsimi rayon sakini Faiq Nağıyev yeni istifadəyə verilmiş yolda istiqaməti düzgün təyin etməkdə yardımçı olan 99-YP-267 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşına minnətdarlığının bildirir.
Yol polisləri haqqında başqa bir məktubu Nərimanov rayon sakini Vüqar Rəhimov göndərib. O, 420 dövlət qeydiyyat nömrəli YPX əməkdaşının vətəndaşlarla münasibətdə nümunəvi xidmətindən, alicənab davranışlarından bəhs edir.
Nəsimi rayon sakini Cahangir Ağayev Bakı Şəhər DYPİ-nin əməkdaşı Rüstəmli Rəşadın vəzifəsini qaydalar çərçivəsində icra etməsini təqdir edir. 
Nərimanov rayon sakini Fərid Əkbərov əmlakının oğurlanması ilə bağlı Nəsimi RPİ-yə müraciət edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs yaxalanıb, dəymiş ziyan ödətdirilib.
Xəzər rayon sakini Cavidan Sadiqov avtomobilini vurub hadisə yerindən qaçan şəxsi saxlayıb, dəymiş ziyanı ödətdirən polis əməkdaşlarına minnətdarlığını bildirir.
Həmkarlarımızın fəaliyyəti ilə bağlı məktublardan birini Şri-Lanka vətəndaşları Mohamed Hidayathulla Mohamed Nifras və  Mohamed Hidayathulla Mohamed Safras yazıblar. Onların pul və sənədlərlə bağlı problemlərini Səbail RPİ 9-cu PB-nin əməkdaşları aradan qaldırıb.
Səudiyyə Ərəbistanı vətəndaşı Al Jeri Saad Abdul Razaq iyunun 23-də Xaqani bağında mobil telefonunu itirib. O, bu barədə Səbail RPİ 39-cu PB-yə məlumat verib. Bölmə əməkdaşları telefonu taparaq ertəsi gün sahibinə qaytarıblar.
Xəzər rayonu Buzovna qəsəbəsində müvəqqəti qeydiyyatda olan Rusiya vətəndaşı Kuzmiç Taira Yurevnanın evindən iyulun 27-də oğurluq edilib. Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslər saxlanılıb, vurulmuş ziyan ödənilib.
Abşeron rayonu Masazır qəsəbəsi sakini Günel Əhmədova DİN rəhbərliyinə ünvanladığı məktubunda qeyd edir ki, iyulun 13-də Yasamal rayonu ərazisində içərisində 750 manat, 400 dollar və mobil telefon olan əl çantasını itirib. Bununla əlaqədar Yasamal RPİ 28-ci PB-yə müraciət edib. Polis əməkdaşları həmin gün çantanı içərisindəki əşyalarla birlikdə taparaq sahibinə təhvil veriblər. G.Əhmədova məktubunu bu cümlə ilə tamamlayır: “Bizim polislər Azərbaycan vətəndaşının ümid yeri olduğunu bir daha sübut etdi”.
Daxil olan məktubları nəzərdən keçirdikcə məlum olur ki, polis-vətəndaş münasibətləri əhali tərəfindən polisə olan etibarın və etimadın yüksəldilməsinə xidmət edir. Vətəndaş məmnundur, polisə etibar edir, inanır – deməli, hər bir müraciət müvafiq qaydadа öz həllini tapıb. Daxil olan bu məktublarda polisin fəaliyyəti etiraf olunur, vurğulanır ki, polis vətəndaş müraciətlərinə həssas yanaşır, problemini həll edir, vətəndaş hüquqları təmin olunur.