Xəbərlər

Əsas səhifə

Polisin peşə-fiziki hazırlığına xüsusi önəm verilir

05.11.2018

Cari ilin 9 ayında Bakıda baş vermiş cinayətlərin, hər hesabat dövründə olduğu kimi, yenə  yüksək faizlə açılması təmin edilib. Ortada uğurlu göstəricilər var.  Cinayətkarlığa qarşı əldə edilən bu nailiyyətin təsadüf olmadığı, peşəkar kadrların sayəsində ərsəyə gəldiyi hamıya bəllidir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Bu sahədə müvəfəqiyyət qazanılmasında ilk növbədə polis əməkdaşlarının peşəkarlığı rol oynayır. Polis peşəkar olacaq ki, vəzifələrini yerinə yetirə bilsin. O, həm intellektual səviyyəsinə, həm də fiziki hazırlıq imkanlarına görə başqa insanlardan fərqlənməlidir. Bu, bir növ, xidməti zərurət, həm də rəhbər tələbdir. 

Bu istiqamətdə Bakı Şəhər BPİ şəxsi heyətinin fiziki hazırlıq məşğələləri müəyyən olunan vaxtda mütamadi olaraq keçirilir. “Polis” qəzetində dərc olunan reportajda vurğulanır ki, müəyyən olunan vaxtlarda təlimatçının göstərişi ilə əvvəlcə ümumi fiziki hazırlıq – gimnastik və yüngül atletika hərəkətləri ardıcıl olaraq yerinə yetirilir. Daha sonra məşğələnin ikinci hissəsi başlayır. Bu, fiziki hazırlığın xüsusi mərhələsidir ki, polis əməkdaşlarına əlbəyaxa döyüş və silahsız özünümüdafiə fəndləri öyrədilir.

Əməkdaşların özünümüdafiə imkanlarını artırmaq üçün təlimatçı xüsusi fəndlər nümayiş etdirir. O, polisə müqavimət göstərən, hücum edən, zor tətbiq etməyə çalışan insanı imitasiya edən polis əməkdaşı ilə birlikdə ekstremal hallara hazır olmağın qaydalarını göstərir. Soyuq və odlu silahdan müdafiə, tərksilah etmə üsulları xüsusən diqqət çəkir. 

Bu mərhələ, məşğələnin ən maraqlı hissəsidir. Çünki polis cinayətkarla, onun qanuni tələbinə tabe olmayıb, müqavimət göstərmək istəyən şübhəli ilə tez-tez qarşı-qarşıya gəlir. Qatı cinayətkarın yaxalanmasından tutumuş, yolda xuliqanlıq edən birinin saxlanlılmasına qədər belə vəziyyətlər yaranır. Ona görə də, fiziki hazılıq səviyyəsinə görə polis daim özünü formada saxlamalıdır və təlimatçı polis də dəyişkən stiuasiyalar üçün hazırlıqlı olmanın yollarını həmkarlarına  izah edir.

Dərsə ayrılan vaxt başa çatdıqdan sonra əməkdaşların sərbəst fiziki hazılığı üçün əlavə şərait yaradılır. Bu, əməkdaşlara İdman Cəmiyyətinin maddi-texniki imkanlarından istifadə edib, istədikləri başqa idman növlərilə  məşğul olmağa imkan verir. 

“Şəxsi heyətin xüsusi fiziki hazırlığı sahəsində işin təşkilinə dair Təlimat” əsasında keçirilən dərslər bütün Bakı Polis Qarnizonunu əhatə edir. Yəni, yalnız Baş İdarənin şəxsi heyəti deyil, Bakının bütün polis idarələri, şöbə və bölmələrinin əməkdaşları müəyyən olunan plan əsasında fiziki hazırlıq məşğələlərinə cəlb olunurlar.