Xəbərlər

Əsas səhifə

Uşaq hüquqlarının qorunması prioritetdir

27.11.2018

Nizami Rayon Polis İdarəsi tərəfindən zərərli vərdişlər və anti-narkotik təbliğatının gücləndirilməsi məqsədi ilə təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir. Polis əməkdaşlarının şagirdlərlə növbəti görüşü  12 saylı məktəbdə baş tutub. 

“Gənclər narkomaniyaya yox deyir” adlı tədbir 25 və 24-cü Polis şöbələrinin əməkdaşları, Rayon Polis İdarəsi Veteranlar Şurasının üzvləri,  məktəbin pedoqoji kollektivi və şagirdlərin iştirakı ilə baş tutub. 

Tədbirdə 25-ci PŞ-nin rəisi, polis polkovnik-leytinantı Elmir Hüseynov, Nizami RPİ-nin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova,  inspektor, polis leytenantı Xədicə Hüseynova və polis veteranları çıxış edərək, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri, uşaqların zərərli informasiyadan qorunması, narkotik maddələr və zərərli vərdişlərin insan sağlamlığına təhlükəsi barədə geniş məlumat veriblər. 

Uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayan çıxışçılar yeniyetmələrin hüquqazidd əməllərə cəlb edilməsi riskinə qarşı cəmiyyətin hər bir fərdinin ayıq-sayıq olmasının zəruriliyini qeyd ediblər. Uşaqların nəzarətsiz qaydada internet  resurslarından istifadə edilməsinə də toxunulub. Bildirilib ki, zorakılığı, narkotik vasitələri və psixotrop maddələri, alkoqollu içkiləri və tütün məmulatlarını, cəmiyyət əleyhinə davranışları təbliğ edən informasiyalar ciddi təhlükə mənbəyidir. Polis uşaq hüquqlarının tam qorunmasına səy göstərir, ancaq daha səmərəli fəaliyyət üçün ailələrin də üzərinə məsuliyyət düşür. 

Tədbirə dəvət edilmiş psixoloq  Əsmər Talıbova narkotik və zərərli vərdişlərin, eləcə də uşaqlar üçün nəzərdə tutulmayan məlumatların mənfi təsirləri barədə iştirakçılara  məlumat verib. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.