Xəbərlər

Əsas səhifə

Polis uşaq hüquqlarının etibarlı təminatçısıdır

30.11.2018

Azərbaycanda uşaq hüquqlarının qorunması, onların diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uçaqların sağlam, cəmiyyətə faydalı vətəndaş kimi formalaşması və inkişafı həm çətin, həm də qürurverici bir işdir. Dövlət uşaq siyasətinin başlıca prinsipləri sırasında uşaqların hərtərəfli qayğı ilə əhatə olunması əsas yer tutur. Onların yüksək mənəvi və sosial mühitdə yaşamaları, eləcə də layiqli vətəndaş kimi formalaşmaları üçün polis qanunla müəyyən olunan vəzifələri yerinə yetirir.  
 
Paytaxt polisi tərəfindən təhsil müəssisələrində keçirilən maarifləndirici xarakterli çoxsayılı tədbirlər xüsusilə qeyd edilməlidir. Uşaqların zərərli vərdişlərdən uzaq tutulması, bundan daha ciddi sayılan narkotik təhlükəsinin qarşısını almaqdan ötrü polis səylərini gündən-günə artırır.
 
Ancaq bu işlər polisin yalnız maarifləndirmə tədbirlərilə məhdudlaşmır. Eyni zamanda, küçədə nəzarətsiz qalan, valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunan uşaqların, azyaşlıların normal həyat şəraitinin təmin olunması məqsədilə zəruri inzibati-hüquqi iş aparılır. 
 
Bununla bağlı  Bakı Şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsindən bildirilir ki, cari ilin 9 ayı ərzində polis əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan, eləcə də küçədə nəzarətsiz qalan 973 uşaq müəyyən olunaraq barələrində müvafiq tədbirlər görülüb, uşaqları təhsildən yayındıran valideynlərin hər biri ilə yerlərdə müvafiq fərdi söhbətlər aparılıb. Ərazi polis orqanlarının nəzarətilə valideynlərə təhvil verilmiş uşaqlar barədə, o cümlədən avara və dilənçi həyat tərzi keçirən şəxslərin yaşayış ünvanları üzrə müvafiq icra hakimiyyətləri məlumatlandırılıblar.
 
Bununla yanaşı, uşaq əməyinin istismarı hallarına yol verilməməsi üçün qabaqlayıcı – yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.
 
Bundan başqa Nizami və Xətai Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində tədbirlər keçiriblər. Reydlər nəticəsində Nizami rayonu ərazisində də 4, Xətai rayonu ərazisində isə 2 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir. Həmin mağaza və köşklərin 6 satıcısı barəsində də İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokol tərtib olunmaqla hər biri 100 manat cərimələnib.
 
Bütün bunlar deməyə əsas verir ki, polis üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə polis tərəfindən xüsusi diqqət yetirilir.