Xəbərlər

Əsas səhifə

Mağazalarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan satıcılara protokollar tərtib edilib

03.12.2018

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 30-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində tədbirlər keçiriblər. 

Reydlər nəticəsində Suraxanı rayonu ərazisində 4, Sabunçu rayonu ərazisində isə 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilmişdir. Həmin mağazaların 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib, həmin şəxslər müvafiq qaydada cərimə olunublar. 

Bu istiqamətdə reydlər davam etdirilir.