Xəbərlər

Əsas səhifə

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyənin daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

28.12.2018

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. 

Dekabrın 28-də türkiyəli qonaqlar Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb. 

Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər. 

Elə həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov cənab Süleyman Soylunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə türkiyəli həmkarına təşəkkürünü bildirib, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun «Bir millət, iki dövlət» siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ədoğan tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. 

Daha sonra nazir Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində respublikamızda hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, əmin-amanlığın bərpa edilməsi, əməliyyat şəraitinin nəzarətə götürülməsi barədə məlumat verib.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin  əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə  əlverişli şərait yaradıb. 

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazandığını nəzərə çatdıran nazir bütün bu işdə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin də xüsusi rolunu, xidmətini məmnuluqla xatırladıb, buna görə  cənab Süleyman Soylunun şəxsində  Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkürünü bildirib.

Nazir, cənab Süleyman Soylunun Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib. 

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın  və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb. 

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.    

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.