Xəbərlər

Əsas səhifə

Narkomaniyaya qarşı mübarizə qətiyyətlə davam etdirilir

05.01.2019

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
 
Belə ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 22,5 kiloqrama yaxən marixuana götürülüb.

Keçirilmiş digər əməliyyat tədbirləri ilə Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan çox heroin götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.