Xəbərlər

Əsas səhifə

VƏTƏNDAŞLARIN QƏBULU DİQQƏT MƏRKƏZİNDƏDİR

10.08.2013

Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəli və aydın mövqeyli polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Vətəndaş bilir ki, polis onun müdafiəsinə və təhlükəsizliyinə cavabadehlik daşıyır. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Hər bir anlaqlı vətəndaş bunu dərk edir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir.

Ölkədəki qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan daxil olan müraciətlər araşdırılır və müvafiq ölçülər götürülür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində qəti olaraq vurğulamışdır ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq və sosialyönümlü olmalıdır.

Təsadüfi deyil ki, nazir mütəmadi olaraq bölgələrə səfər etməklə, vətəndaşların yerlərdə qəbulunu keçirir. Bütün bunlarda əsas məqsəd odur ki, fəaliyyətin şəffaflığı təmin olunsun və mövcud problemlər yerindəcə həll olunsun. Təcrübə də göstərir ki, şəffaflıq və sosial yönümlülüklə paralel vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi qanunçuluğu möhkəmləndirir.  Vətəndaşların müraciətlərinə xüsusi diqqət və həsaslıqla yanaşılması, onların qəbulu işinin daha da təkmilləşdirilməsi DİN-in əsas strukturlarından biri kimi Bakı Şəhər BPİ-nin də üzərinə mühüm vəzifələr qoymuşdur.

Bakı Şəhər BPİ və tabeli polis orqanlarının şəxsi heyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqətdə saxlanılıb. İnsan hüquq və azadlıqlarının təmin olunması “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın rəhbər tələblərinə əməl olunur. Bütün bunların nəticəsidir ki, fəaliyyətin göstəriciləri də ildən-ilə yaxşılaşır. Bu sahədə sistemli şəkildə təşkilati- əməli iş həyata keçirilməklə müasir və təkmil yeniliklər də tətbiq edilir. Müxtəlif istiqamətlər üzrə - vətəndaşların poçt, teleqraf, faks, elektron poçt, “102” xidməti-zəng mərkəzi sistemi vasitəsilə, habelə qəbul zamanı və şifahi formada ünvanladığı müraciətlərə həssaslıqla yanaşılır.

İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu DİN-də normativ-hüquqi tələblər qarşısında hər bir polis əməkdaşının öhdəçiliyi var. Bu, daxili təhlükəsizliyi möhkəmləndirən başlıca amillərdən biridir. Vətəndaşların müraciətlərinə baxılması zamanı şəxsi həyatın toxunulmazlığına, ailə, peşə, kommersiya və qanunla qorunan digər sirrlərə aid məlumatların müraciət edənin razılığı olmadan yayılmasına yol verilmir. Bütün bunlar qanunçuluğu möhkəmləndirməklə, icra və uçot-qeydiyyat intizamını daha da təkmilləşdirmişdir. Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqları Baş İdarə rəhbərliyi diqqətdə saxlayır. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.

Sözsüz ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Ölkədəki qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi şəxsi heyətin nizam-intizamından asılıdır. Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində vurğulanır ki, dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətləri ilə bağlıdır.

Eyni zamanda, insanlarla ünsiyyət yaratmaq, inam və etibar qazanmaq məhz polisin işgüzarlığından asılıdır.  Bu, xidməti vəzifələrin icrasına vicdanla, böyük məsuliyyətlə yanaşma tələb edir. Dəyanətli, saf mənəviyyatlı polis əhali arasında nüfuza malik olmaqla, dövlətə, xalqa  sədaqət nümayiş etdirir. Bununla polis əməkdaşları insanların etibarını qazana və onların dəstəyinə arxalana bilər. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır.