Xəbərlər

Əsas səhifə

Liftlərin əyləc dolağını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

18.02.2019

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olmuşdur.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.
 
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.
 
Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilmişdir.