Xəbərlər

Əsas səhifə

Məktəbdə narkomaniya əleyhinə tədbir keçirilib

23.02.2019

Paytaxt ərazisində yerləşən təhsil müəssisələrində polis əməkdaşlarının iştirak ilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti analoji tədbir fevralın 22-də 4 saylı peşə məktəbində Bakı şəhər BPİ və Nizami RPİ-nin birgə təşkilatçılğı ilə “Gənclər narkomaniyaya yox deyir” adı altında baş tutub.
 
Bakı şəhər BPİ  İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin  baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və rayon icra hakimiyyətinin nümayəndəsi Bəhmən Hüseynov  məktəblilər qarşısında çıxış ediblər.

Çıxış edənlər yetkinlik yaşına çatmayanların narkomaniya və digər zərərli vərdişlərdən qorunması yolları haqqında şagirdlərə geniş məlumat verərək, onları bütün hüquq pozuntularından uzaq durmağa, ölkənin gələcəyi və sağlam cəmiyyət naminə narkotik vasitələrə qarşı mübarizədə  iştirak etməyə səsləyiblər. Qeyd olunub ki,  əsasən gəncləri hədəf alan narkomaniya sağlam gəncliyin formalaşmasını ciddi risk qarşısında qoyur. Bu təhdidlərə qarşı bütün cəmiyyət, o cümlədən gənclər, yeniyetmələr ayıq-sayıq olmalı, maarifləndirici tədbirlərdə və anti-narkotik  təbliğatının həmyaşıdları arasında yayılmasında fəal iştirak etməlidirlər.

Təhsil müəssisələrində polisin apardığı profilaktik söhbətlərin əhəmiyyətindən danışan məktəb direktoru Samir Allahverdiyev şagirdlərin qanun keşikçiləri tərəfindən zərərli vərdişlər və narkomaniya haqqında məlumat almalarının ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini deyib.

Sonda mövzu ilə bağlı video-çarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.