Xəbərlər
Əsas səhifəAVTOMOBİL QARƏTÇİLƏRİ
02.05.2014
Nərimanov polisi narkotik vasitələrin istifadəsində və avtomobilləri qarət etməkdə şübhəli bilinən Şəxsləri yaxalayıb. Cinayət-Axtarış şöbəsi və 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, tutulan Bakı şəhər sakini Ceyhun Qəhrəmanovdan 1,219, Vüqar Rüstəmovdan isə 1,310 qram tiryək aşkar edilib.
İstintaq araşdırmaları zamanı onların ötən ildən etibarən bir neçə avtomobili qarət etdikləri məlum olub. Nərimanov RPİ-nin müstəntiqi, polis kapitanı Yavər Məmmədlinin sözlərinə görə, yaxalanan şəxslər ötən il noyabrın 7-nə keçən gecə Ə.Əlizadə küçəsində yaşayan Vüsalə Nəsibovaya məxsus “Nissan”, noyabrın 8-də C.Hacıbəyli küçəsində Tural Abdullayevə məxsus “Kia”, noyabrın 16-da isə Ə.Rəcəbli küəsində Günay Quliyevaya məxsus “Hyundai” markalı avtomobillərdən, şüşəsini sındırma yolu ilə içərisində pul, bankomat kartları və müxəlif əşyalar olan əl çantalarını qarət ediblər.
Bundan başqa, bu il yanvarIn 17-nə keçən gecə Çəmənzəminli küçəsində Ulduz Əhədovaya məxsus “Toyota”, yanvarın 30-da A.Nemətulla küçəsində Ceyhun Həsənova məxsus “Nissan”, fevralın 9-na keçən gecə Azadlıq prospektində Tərlan Əbdülova məxsus “Kia”, fevralın 10-da Ə.Rəcəbli küçəsində Mehdi Əbilova məxsus “Mitsubishi”, fevralın 23-də Təbriz küçəsində Cəmilə Axundovaya məxsus “Nissan”, martın 7-də Ə.Əlizadə küçəsində İlkin Hacıyevə məxsus “Kia”, martın 29-da M.Sənani küçəsində Cavidan Hüseynova məxsus “Hyundai” markalı avtomobillərdən oğurluq ediblər.
Oğurlanmış əşyaların aşkar olunması və onların digər cinayətlər törədib-törətməmələrinin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, yaxalanan şəxslərdən Vüqar Rüstəmov əvvəllər də oğurluq etdiyinə görə məhkum olunub.
* * *
Xətai polisi də avtomobillərə qənim kəsilən şəxsləri yaxalayıb. Ələ keçən şəxslər ötən ilin dekabr ayından avtomobillərin şüşələrini sındırma və qapılarını müxtəlif alətlərlə açaraq maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinirlər.
Hələ ötən il dekabrın 15-də Naximov küçəsində yaşayan Rüfət Quliyev Xətai RPİ 35-ci PB-yə ərizə ilə müraciət edərək özünə məxsus “Qazel” markalı avtomobildən maqnitafon, monitor, səsgücləndiricilər oğurlandığını bildirib. Həmin gün sözügedən küçədə yaşayan Əbülfəz Məmmədov da polisə gələrək ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırma yolu ilə 3 min ABŞ dollarI və sənədlərin oğurlanması barədə məlumat verib. Analoji faktların bir gündə və bir küçədə baş verməsi polis əməkdaşlarında hər iki cinayətin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi ehtimallarını yaradıb.
Xətai RPİ CAŞ və 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elmir Həsənov və Saleh Həmidli yaxalanaraq istintaqa təhvil veriliblər.
Araşdırma zamanı onların Xətai rayonu ərazisində törətdikləri digər cinayət faktının da üstü açılıb. Məlum olub ki, cinayət əlaqəsinə girən E.Həsənovla S.Həmidli aprelin 23-nə keçən gecə Gəncə prospektində Kənan Səfərova məxsus “VAZ-2107” markalI avtomobildən, açar seçmə yolu ilə maqnitafon oğurlayıblar.
Dindirmələr zamanı Elmir Salehin qumarda uduzduğunu əsas gətirərək, oğurluq yolu ilə əldə olunan pulla həmin borcu ödəmək istədiklərini bildirib. İstəklərinə qismən nail olan tanışlar oğurladıqları əşyaları dəyər-dəyməzinə sataraq borcun bir hissəsini qaytarıblar.
Hər iki faktla bağlı müvafiq rayon polis idarələrində araşdırma aparılır.