Xəbərlər

Əsas səhifə

ÜMUMMİLLİ LİDER - 91

09.05.2014

Mayın 7-də Bakı şəhər Baş Polis İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Baş İdarənin rəisi Rafiq Abbasov ulu öndərin möhtəşəm həyat və fəaliyyəti ilə əlaqədar geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Azərbaycan xalqının bütün dövlətçilik tarixi ərzində miqyasına və səviyyəsinə görə bənzəri olmayan, qətiyyətli, etibarlı və müdrik rəhbəri olmuşdur. 
Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə dahi təfəkkürünün zirvəsindən Azərbaycanın gələcək müstəqilliyini görərək, ittifaq büdcəsinin imkanlarından maksimum istifadə etmiş, aqrar ölkə kimi tanınan Azərbaycanı qüdrətli sənaye ölkəsinə çevirmiş, güclü iqtisadi baza yarada bilmişdi. Sonralar müstəqillik əldə olunduqdan sonra Azərbaycan dövləti məhz bu iqtisadi bazisin üzərində quruldu.

Müstəqil dövlətin əsaslarından biri də nizami ordudur, silahlı qüvvələrdir. Ulu öndər hələ sovet dövründə bu barədə düşünməyə və böyük işlər görməyə nail olmuşdu. O, Azərbaycanda zabit kadrları hazırlayan ali məktəbin, Naxçıvanski adına hərbi məktəbin əsasını qoymuşdu. Eyni zamanda, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilir və respublika üçün vacib hərbi və mülki ixtisaslara yiyələnirdi. Bütün bunlar Azərbaycanın gələcəyinə istiqamətlənmiş, Azərbaycanın müstəqilliyi üçün görülən işlər idi.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən hüquq-mühafizə orqanlarına daim böyük diqqət və qayğı göstərmişdir. Bu dövrlərdə daxili işlər orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradılmış, ictimai asayişin bərqərar olunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. 
1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Ölkə daxilində gedən hakimiyyət mübarizəsi və bu mübarizənin fonunda baş alıb gedən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri vəziyyəti daha da çətinləşdirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda Azərbaycan xalqı Heydər Əliyevə müraciət etdi və öz dahi oğlunun hakimiyyətə qayıtmasını xahiş və tələb etdi.
 
Ümummilli liderimiz xalqın tələbi ilə hakimiyyətə qayıtdı və özünün müqəddəs xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu. 1994-cü ilin mayında Ermənistan - Azərbaycan müharibəsində atəşkəs elan olundu, sentyabrında isə dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda demokratik dövlət quruculuğu ilə məşğul olmaq - iqtisadi və siyasi islahatlar aparmaq üçün vaxt və imkan yarandı. 
 
1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın mentalitetinə söykənən və ümumibəşəri dəyərləri özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Əsas qanun hakimiyyətin bölünməsi prinsipini əsas tutduüu kimi, mülkiyyətin də dövlət, bələdiyyə və xüsusi növlərini elan etdi. Əsas qanunumuz ölkəmizdə demokratik islahatların keçirilməsi üçün hüquqi baza oldu. Azərbaycanda siyasi-iqtisadi inkişaf və dünyaya inteqrasiya dövrü başlandı. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü seçildi, Avropa İttifaqı, NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyə başladı.

Beləliklə, ulu öndər Heydər Əliyevin praqmatik, uzaqgörən və sülhsevər siyasəti Azərbaycanın dövlətçiliyini möhkəmləndirdi, müstəqilliyini əbədiləşdirdi. Ulu öndər sübut etdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir və bu çətin, taleyüklü işin öhdəsindən şərəflə gəldi. Bəli, Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olaraq öz missiyasını yerinə yetirdi - 1993-cü il iyunun 15-də, xalqın tələbi ilə Ali Sovetin sədri seçildiyi gün elan etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, Azərbaycanın dövlətçiliyini möhkəmləndirdi, müstəqilliyini əbədiləşdirdi, xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı.

Heydər Əliyevin müdrik siyasətini bu gün möhtərəm Prezident İlham Əliyev uğurla və yaradıcılıqla davam etdirir. Azərbaycan Prezidentinin bu çətin və şərəfli vəzifəni necə uğurla həyata keçirdiyini bilməkdən ötrü son on ilə nəzər yetirmək kifayətdir. Bu on ilin hər ili respublikamızın inkişafının sürətlənməsi, hər bir vətəndaşın rifahının yüksəlməsi ilə əlamətdar olmuşdur. Məhz bu illərdə Azərbaycan iqtisadi göstəricilərinə görə dünyada 1-ci yerə çıxmış, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 
Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayüısı, daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə bu gün Azərbaycan polisi də sürətlə inkişaf edir, peşəkarlıq səviyyəsi yüksəlir. Azərbaycanda və paytaxt Bakıda qanunçuluq etibarlı qorunur, təhlükəsizlik təmin olunur.

Sonra ümummilli liderin xatirəsinə həsr olunmuş, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Ýənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq keçirilmiş idman turnirlərinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər GİBİ-nin rəisi Raqif Abbasov da çıxış etmiş və Heydər Əliyevin gənclər siyasəti haqqında məlumat vermişdir. 
Sonda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.