Xəbərlər

Əsas səhifə

“Yol hərəkət qaydalarını bilirik”

14.05.2019

Mayın 14-də Xətai rayon Humanitar fənlər təmayüllü məktəb-liseydə ibtidai sinif şagirdləri ilə “Yol hərəkət qaydalarını bilirik” adlı maarifləndirici tədbir keçirilib.
 
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələrək keçirilən tədbirdə yol qəzalarının sayının azalması üçün görülən işlərin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub, sürücü və piyadaların məsuliyyəti barədə məlumat verilib. 

Uşaqlara yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində biliklərin vacibliyi diqqətə çatdırılıb, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. 

Tədbirdə Baki şəhər BPİ DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Xətai RPİ-nin baş inspektoru, polis mayoru Ülvi Məmmədov, 34-cü PŞ-nin inspektoru, polis baş leytenantı Leyla Cəfərzadə, “Polis” qəzetinin əməkdaşı, polis serjantı Rəşad Mehtiyev və 1 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin, rayon icra hakimiyyətinin, Milli Olimpiya Komitəsinin nümayəndələri və valideynlər iştirak ediblər.  

Məktəb-liseyin direktoru Nəzakət Əsgərova və digər çıxışçılar uşaqların yol nəqliyyat hadisələrində zərər çəkməməsi üçün aparılan işləri müsbət qiymətləndiriblər, bütün hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa səsləyiblər. 

Daha sonra məktəb-liseyin II sinif  şagirdləri stendlər, plakatlar və yol  nişanları ilə bəzədilmiş səhnədə yol hərəkət qaydaları ilə bağlı  səhnəciklər nümayiş etdirib, mahnı və şeirlər ifa ediblər. 

Tədbirin sonunda  bədii kompozisiya ilə çıxış edən şagirdlərin sinif rəhbərlərinə və məktəblilərə müxtəlif hədiyyələr, yol hərəkət qaydalarını izah edən kitabçalar təqdim olunub.