Xəbərlər
Əsas səhifəPİS NİYYƏTİ GÖZÜNDƏ QALDI
12.07.2014
Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olan şəxs yaxalanıb.
Bir neçə gün əvvəl NMİ-yə Sabunçu qəsəbəsində yaşayan Eyvaz adlı şəxsin narkotik vasitələrin əkini və satışı ilə məşğul olması barədə məlumat daxil olub. Bu istiqamətdə əməliyyat tədbirlərinə başlayan NMİ əməkdaşları məlumatı dəqiqləşdirdikdən sonra, qəsəbə sakini Eyvaz Məmmədovun 26 Bakı Komissarı küçəsində yaşadığı evə baxış keçiriblər. Həyətyanı sahədə axtarış aparan polis pomidor ştillərinin arasında əkilərək gizlədilmiş, yaş çəkisi 2 kiloqram 800 qram olan 4 ədəd çətənə kolu, mənzilindən isə əlavə olaraq 1 kiloqram 110 qram qurudulmuş marixuana aşkar ediblər.
NMİ-nin əməkdaşı, polis kapitanı İslam İmanovun sözlərinə görə, yaxalanan Eyvaz Məmmədov əvvəllər qəsdən adam öldürdüyünə görə məhkumluq həyatı yaşayıb və 2003-cü ildə azadlığa buraxılıb. Heç bir yerdə işləməyən Eyvaz narkotik vasitələrin satışı ilə məşğul olub və marixunanın bir kibrit qutusunu 60-70 manata satırmış. Dindirmə zamanı o, aşkar olunan çətənə kollarını bu ilin aprel ayında əkdiyini və bir neçə aydan sonra “bəhrəsini” alacağını bildirib. Lakin polis əməkdaşları onun bu pis niyyətini gözündə qoyub.
Çətənə kollarına baxış keçirən aqranom onlara aqrotexniki qaydada qulluq edilməsi barədə rəy də verib.
Faktla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində araşdırma aparılır.