Xəbərlər

Əsas səhifə

Yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

13.06.2019

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi eləcə də rayon Dövlət Yol Polisi Şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaqdır. 
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirmişdir ki, təsdiq olunmuş plana əsasən yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. “Son zəng” günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.
 
Bundan başqa Bakı şəhərinin orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlər aparılır.   

DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, “Son zəng” günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq tədbirlər görüləcəkdir. 
 
Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər. 

Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.