Xəbərlər
Əsas səhifəFƏALLİYYƏTİMİZİN MEYARLARI
06.11.2014
Cəmiyyətimizdə demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının təminatı, tolerantlıq, dözümlülük prinsipləri ildən-ilə dərinləşir. Dinamik iqtisadi inkişaf yoluna qədəm qoyan ölkəmizdə həyata keçirilən demokratik islahatlar insanların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəlib. Ötən illər göstərir ki, Azərbaycan sözü ilə işi bir olan, etibarlı bir dövlətdir. O, yalnız öz maraqlarının yanında deyil, eyni zamanda haqq və ədalətin tərəfindədir. İndi ölkəmizdə qanun qarşısında bərabərlik, demokratik prinsiplər insanların həyat tərzinə çevrilib. Düşünəndə ki, bu nailiyyətlərin qazanılmasında Azərbaycan polisinin də payı var, rahat nəfəs alırsan, qürur duyursan - ayların, günlərin gərginliyi unudulur.
Bəzən belə bir sualla rastlaşırsan: polisin fəalliyyəti hansı meyarlarla ölçülür? Ümumilikdə polisin fəaliyyəti Konstitusiyanın ali məqsədinə söykənən bir meyar üzərindədir - qanunçuluğun qorunmasI və təhlükəsizliyin təminatı. Deməli, insan haqlarının toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, təhlükəsizliyinin təmini, humanizm və insanpərvərlik polisin də əsas prinsipləridir. Bu ali dəyərlər Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Polis xidmətinin əsas prinsipləri Polis haqqında Qanunda da öz əksini tapmaqla, polisin cəmiyyətdə fəaliyyət istiqamətlərini konkretləşdirir.
“Polis Haqqında” Qanunun 5-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyətini tənzimləyir. Belə ki, qanuna əsasən, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən, ya törətməkdə şübhəli bilinən şəxsləri cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. Qanunun 5-ci maddəsinin 4-cü bəndinə əsasən, hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda, polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. Həmin maddənin 5-ci bəndinə əsasən, polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir. “Polis Haqqında” Qanunun 5-ci maddəsinin 4-cü bəndinə əsasən, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda, polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunmasI üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.
Bu gün ölkəmizdə milliyyətindən, ictimai mənsubiyyətindən, sosial statusundan və əqidəsindən asılı olmayaraq hər bir kəs qanun qarşısında məsuliyyət daşıyır. Törədilən hər bir hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi hamıya aiddir. Bu, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın dövlətçiliyinin əsas prinsiplərindən biridir. Heydər Əliyev demişdir: “Hüquq mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür”.
Polis əməkdaşı ona həvalə olunan vəzifələri və öz səlahiyyətlərini həyata keçirən zaman qanunlara, vəzifə təlimatlarına əməl edir. Azərbaycan polisi fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə qurur və dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşmanı başlıca meyar hesab edir. Bunun nəticəsidir ki, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişafı günümüzün reallığıdır. Bu gün dünyada Azərbaycanın sabit və tolerant ölkə kimi müsbət imici formalaşmış, ölkəmiz qlobal enerji layihələrinin həyata keçirildiyi, beynəlxalq forum və sammitlərin təşkil edildiyi etibarlı ünvan kimi tanınır.
Beynəlxalq ekspertlər tərəfindən xüsusi vurğulanır ki, Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter daşıyır. Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunması ölkədəki əlverişli həyat şəraitini təmin edir. Və etiraf edək ki, məhz bu məqam bir çox məsələlərin həllində açar rolunu oynayır. Çünki sabitlik olmayan yerdə nə demokratiyadan, nə insan haqlarından, nə iqtisadi inkişafdan, nə də ki, sosial problemlərin həllindən danışmaq olar. Prezident İlham Əliyev Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə haqlı olaraq bildirmişdir ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir: “Bakıda sutka ərzində insanlar rahat yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz, çünki bu vəziyyətə nəzarət edirsiniz. İnsanlar doğrudan da, həyatdan zövq alırlar. Azərbaycanda mütəşəkkil cinayətkarlIğa qarşı çox ciddi mübarizə aparılır”.