Xəbərlər

Əsas səhifə

DYPİ REYDLƏRİ DAVAM ETDİRİR

18.01.2015

Paytaxtın avtomobil yollarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Bu məqsədlə Bakı Şəhər BPI Dövlət Yol Polisi Idarəsi media nümayəndələrinin - jurnalistlərin iştirakı ilə yanvarın 16-dan 17-nə keçən gecə paytaxt ərazisində genişmiqyaslı reyd keçirilib. Xüsusilə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma qaydalarının pozulması və digər ciddi xətalara qarşı təsirli tədbirlər həyata keçirilib, sürücülərlə profilaktiki söhbətlər aparılıb. Reyd zamanı yol polisinin “saxla” əmrindən yayınmağa ça lışan, hətta polisə tabesizlik güstərməyə çalışan avtomobillər, süni sıxlıq yaradılaraq dayandırılıb, barələrində inzibati tədbir gürülüb.

DYPI-nin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun “Polis”ə verdiyi məlumata görə, ötən il Bakı şəhərində 901 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bölmə rəisi vurğulayıb ki, respublikanın avtomobil parkında maşınların sayı milyondan artıqdır, bu nəqliyyat vasitələrinin yarıdan çoxu paytaxtın payına düşdüyü üçün son illərdə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hallarının artması narahatçılıq doğurur. İl ərzində qeydə alınan yol nəqliyyat hadisələrinə qarşı həyata keçirilmiş qabaqlayıcı-profilaktiki tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri azalıb, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə olunub. Ötən il qəzalar nəticəsində 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 2013-cü illə müqayisədə 110 hadisə, 29 ölüm və 106 xəsarət azalıb. Azalma tendensiyasının təhlili göstərir ki, bu istiqamətdə profilaktiki tədbirlərin davam etdirilməsi cəmiyyətdə qanunçuluğun aşılanmasına, sürücü mədəniyyətinin artırılmasına xidmət edir. Yol qəzalarının, piyadaların avtomobillərlə vurulması hallarının əksəriyyəti sürücülərin sürət həddini aşması, ötmə və manevr qaydalarını pozması, piyadaların qayda-qanuna əməl etməməsi səbəbindən baş verir. Paytaxt ərazisində mütamadi olaraq keçirilən avtoreydlərdə əsas məqsəd ondan ibarətdir ki, yollarda hərəkətin təhlükəsizliyi təmin edilsin, yol hərəkəti iştirakçıları öz məsuliyyətini anlasın.

Bu dəfəki reyd zamanı 60 dan artıq sərxoş sürücü saxlanılıb. Avtoxuliqanlıq edərək insanların həyatına real təhlükə yaradan 7 nəfər sürücü müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub. Saxlanılan sürücülər arasında sürücülük vəsiqəsi olmayanlar, üzünü “yüksək səviyyəli”  təqdim edən sərxoşlar da olub. Reyd zamanı qəza törədən sürücü, yaxud qəzaya bais olan sərxoş-sürücü cəzadan yayınmaq üçün olmazın bəhanələr uydurub. Amma bu bəhanələr onları cəzadan azad etməyib. Təbiidir, yollarda təhlükəsizliyi təhdid edənlərin cəzası bəllidir, bunu qanunlarımız tələb edir. Elə ki bunu unuduruq, yaxud sürücülük qaydalarına yox, avtomobili kimlərinsə nüfuzuna, vəzifəsinə güvənib idarə edirik, onda faciəvi sonluğa bir addım qalır. Sükan arxasında əyləşmək ərköyünlük və şıltaqlıq sevmir.

Reyd zamanı avtoxuliqanlıq edən ərköyün “uşaqlar”ın gecə sərgüzəştlərinə son qoyan yol polisi ən sərt tədbirlərlə onları bu təhlükəli əmələrindən çəkindirmiş, avtomobillər alınaraq duracağa qoyulmuşdur. Belə məsələlərdə ən kiçik boşluq və güzəşt də büyük fəlakətlərə yol açır. Reydlərdə müşahidə olunan əsas fakt ondan ibarət idi ki, naşı və təcrübəsiz sürücülər qanunla hesablaşmaq əvəzinə özünə bəraət qazandırmağa çalışır, yol polisini təxribata çəkir, qanunsuz hərəkətlərə meyl güstərirdilər. Polisin bu vətəndaşlara qarşı qanuni və mədəni davranışı bütün cəzalardan üstün olmaqla bərabər, həm də yüksək mədəniyyət göstəricisi idi.