Xəbərlər

Əsas səhifə

Nəsimi rayonunda polis uğurlu əməliyyat tədbirləri keçirib

24.08.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində törədilmiş cinayətlərin açılması məqsədilə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu almışlar.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Abbasov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səfərov saxlanılmışlar.  

22-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayon ərazisində törədilmiş soyğunçuluq faktının da üstü açılmışdır. Belə ki, avqustun 21-də 28 May küçəsində yerləşən parkda naməlum şəxs Bakı şəhər sakini K.Alcanovun cibindən 97 manat pulunu soyğunçuluq yolu ilə götürüb qaçmışdır.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.

Avqustun 19-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının  içərisində 1100 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradova 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılmışdır.

Avqustun 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini G.Əlibəyliyə məxsus “KİA” markalı avtomobilin ön hissəsi qəsdən əzilmişdir.
Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.Xəlilov saxlanılmışdır.