Xəbərlər

Əsas səhifə

Sağlam gənclik, sağlam gələcək üçün çalışırıq

01.11.2019

Təhsil müəssisələrində profilaktik-maarifləndirici tədbirlər keçirən paytaxt polisinin əməkdaşları bu dəfə Suraxanı rayonunda yerləşən A.Səfərov adına 114 nömrəli  tam orta məktəbdə şagirdlərlə görüşüblər. 

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Narkotiklərlə Mübarizə idarələrinin, habelə Suraxanı RPİ-nin təşkilatçılığı ilə oktyabrın 31-də baş tutan tədbirdə  “Zərərli vərdişlər, onu acı nəticələri”, “Ağ ölümə kölə olma” mövzularında şagirdlərə mühazirələr oxunub. 

İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova tütün məmulatları və narkotik vasitələrin zərərləri barədə ətraflı çıxış edib. Bölmə rəisi bildirib ki, polisin məqsədi gəncləri təhlükələr barədə vaxtında xəbərdar etmək, onları zərərli vərdişlər və hüquqazidd əməllərdən qorumaqdan ibarətdir. Bundan ötrü şagirdlərlə mütəmadi görüşlər keçirilir, polis çalışır ki, gələcəyimizi sağlam gənclər vasitəsi ilə təmin edək. 

O, xüsusilə  bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilən narkomaniya və onun gətirdiyi saysız-hesabsız bəlalardan söz açıb, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb. 

Suraxanı RPİ 32 PB-nin inspektoru Rəsul Hüseynov isə çıxışında dini ekstremizm və internet vasitəsilə yayılan təhlükələr barədə danışıb.  

Məktəbin direktoru Ceyran Novruzova bu mövzularda mütəmadi tədbirlər keçirdiklərinə görə pedoqoji kollektiv adından polis əməkdaşlarına təşəkkürünü bildirib. 

Tədbir şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.