Xəbərlər

Əsas səhifə

SAXTA POLİSLƏR İFŞA OLUNDU

21.02.2015

Artıq ikinci dəfə idi ki, polisə “polis” haqqında vətəndaşlar tərəfindən şikayətlər daxil olurdu. Məzmun eyni idi, dələduzluq. Polis mundiri geyinib özünü polis əməkdaşı kimi təqdim edən şəxslər ayırı-ayırı mənzillərin sənədlərini saxtalaşdırmaqla, vətəndaşlara külli miqdarda ziyan vurublar. Bu məlumatları nəzərdən keçirən əməliyyatçılar əmin idilər ki, bu şəxslər polis adı altında öz cinayətkar əməllərini həyata keçiriblər. Onlar tutularaq istintaqa təqdim olunmalı, dələduzluq əməlləri ifşa olunmalıdır.

Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxta polislər, Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü, Nazim Tahir oğlu Məmmədov, 1982-ci il təvəllüdlü,  Zaur İldırım oğlu Ədilov və Tovuz rayon sakini 1993-cü il təvəllüdlü İlkin Samir oğlu Bayramov “iş başında” yaxalandılar. Fakt təsdini tapırdı, şübhəli şəxslər ətrafında keçirilən istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olundu ki, həmin şəxslər yanvarın 21-də saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10.000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui istifadə edərək, 95.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

Şübhəli şəxslər ətrafında keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş N.Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Z.Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər. İ.Bayramov  isə mütəşəkkil qrupun sürücülüyün edib, tələbədir.
Faktla bağlı Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılmış, istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.