Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Yasamal Rayon Polis İdarəsinə müraciət edən ...

28.05.2019

Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirmişdir. Müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanmışlar.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib. Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci  (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.Araşdırma aparılır.

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildirmişlər. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Mayın 28-də saat 14 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Təvəkkül Yusubov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurduğundan idarəetməni itirib avtomobili əks istiqamətdə hərəkətdə olan “Mitsubishi” markalı avtomobilə çırpmışdır. Nəticədə sürücü və sərnişini olan oğlu Nizami hadisə yerində ölmüşlər.

Mayın 28-nə keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən Abşeron rayon sakini R.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov Biləcəri qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Martın 28-də saat 7 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini G.Fərmanova idarə etdiyi “Volkswagen” markalı  avtomobillə yolu keçən həmyerlisi Hürü Aslanovanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən mayın 26-da Binə qəsəbəsi ərazisində “Nissan” markalı avtomobildən 470 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini olan bir yeniyetmə saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki ofislərin birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - T.Şükürov və E.Ələkbərzadə saxlanılmışlar. Şəxsi axtarış zamanı T.Şükürovdan heroin aşkar edilərək götürülmüşdür.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini M.Musayevə zor tətbiq edərək 70 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Allazov saxlanılmışdır.





Çap et  Çap et