Bakı şəhər Baş Polis İdarəsi

BAKI POLİSİNİN TARİXİ

Əsas səhifə

Azərbaycan 1828-ci ildə Rusiyaya birləşdirildikdən sonra ərazidə komendant üsuli - idarəsi yaradılmışdı. 1840-cı ildə Çar hökuməti Rusiya imperiyası tərkibinə daxil olan Zaqafqaziyada inzibati ərazi bölgüləri haqqında qanun qəbul edərək quberniyalar yaradır. Komendant üsuli- idarəsi ləğv olunur və yerini quberniya, qəza və sahə idarəçilik sistemi tutur. Qəzaların strukturlarına qəza rəisi, qəza məhkəməsi, şəhər rəisi daxil idi. Qəbul olunmuş qərarların icrasını polis çinovnikləri həyata keçirirdilər.
  
1840-cı il aprelin 10-da Bakıda Rus imperiyasının Daxili İşlər Nazirliyinə tabe olan polis idarəsi yaradılır. Bakı şəhər Polis İdarəsi 1841-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlamışdır.

Polis İdarəsi yarandığı gündən Bakı şəhərində ictimai təhlükəsizliyin təmin edilməsində müəyyən nailiyyətlər əldə etmiş, cinayətkarlığa qarşı mübarizə sistemli şəkil almış, neft mədənlərində fəhlələrin mitinq və kütləvi aksiyalarının qarşısının alınmasında danılmaz rolu olmuşdur. 1860-cı ildə yeni inzibati ərazi islahatı keçirilməsi ilə əlaqədar olaraq, Quba qəzası Bakı şəhəri ilə birləşdirilir və Bakı Quberniyası yaradılır.

1841-ci ildən 1867-ci ilə kimi aparılan islahatlar nəticəsində sahə idarəçiliyi kiçik ərazilərin polis rəisləri ilə əvəz olundu. Kiçik ərazi polis rəisləri qəza polis rəislərinə tabe olmaqla, iqamətgahı yox idi və katiblik işlərini aparmırdılar.

1867-ci ildə Bakıda quberniya-jandarm polis idarəsi yaradılır. 1868-ci ildə Bakı Polis jandarm idarəsi qəza polis idarəsinə çevrilir. Bakı Qəza polis idarəsi rəis, onun iki köməkçisi, katiblik, iki iş icraçısı, tərcüməçi, sənət göndərən polis nəfərləri və həbs yerlərinə nəzarət edənlərdən ibarət idi.
1867-ci ildə Bakı Quberniyasında polis idarəsi yaradılır.

1870 - 1880-cı illərdə keçirilən islahatlar nəticəsində Rus imperiyasında ilk dəfə olaraq DİN-ə tabe olan bir sistem halında daxili işlər orqanları yaradılır.
Bakı Polis İdarəsi polismeysterdən, istintaq və xüsusi pristavlardan, eləcə də şəhər əhalisindən seçilmiş deputatlardan ibarət idi.

1882-ci ilin dekabr ayının 31-də Bakı qubernatorunun qərarı ilə Bakı şəhər polisi 2 hissəyə və 6 sahə polisinə bölünmüşdür. Hər bir sahə polisində bir neçə qorodovoy olurdu. Bakı qəzası polis sahələri aşağıdakı kimi idi: Bakı sahəsi, Maştağa sahəsi, Saray sahəsi, Balaxanı-Sabunçu sahəsi, Keşlə sahəsi, Bibiheybət sahəsi. 1897-ci ildə Bakı-Sabunçu Polismeysterliyi yaradılır.

1906-cı ilin oktyabr ayının 28-də Bakı Polis İdarəsi Polismeysterlik idarəsinə çevrilmişdir. Onun tərkibinə 10 ərazi pristavlığı, liman polisi və Polismeysterlik Ehtiyat Qüvvəsi daxil olmuşdur.
1908-ci il  fevral ayının 21-də «Bakı Polismeysterliyi Axtarış Polisinin Təlimatı» təsdiq edilmişdir. Bakı Polismeysterliyinin Axtarış polisi rəisdən, onun köməkçisindən, kargüzardan və 4 nəfər polis nəzarətçisindən ibarət idi.
1911-ci ilin sentyabr ayında Bakı Polismeysterliyinin Axtarış polisinin nəzdində antorometrik və daktiloskopik bürosu yaradılmışdır.
1912-ci ilin mart ayının 23-də Bakı Polismeysterliyinin ştatları yaradılmışdır. Belə ki, ştat üzrə polismeyster, polismeysterin 2 köməkçisi, 11 pristav, onların 11 köməkçisi, 86 məhəllə nəzarətçisi, 960 qorodovoy və polismeyster idarəsinin dəftərxana ştatı olmuşdur.

1913-cü ilin fevral ayında Bakı şəhərinin əhalisinin sayının artması ilə əlaqədar olaraq Bakı polisi 3 növbəli iş rejiminə keçmişdir.

1914-cü ilin fevral ayında Bakı Dumasının qərarı ilə Bakı Ünvan Masası Bakı Polismeysterliyinin tabeçiliyinə keçmişdir.

1916-cı ilin sentyabr ayında  Bakı Polismeysterliyinin Axtarış Polisinin nəzdində Qeydiyyat şöbəsi yaradılmışdır.

1917-ci il mart ayının 7-də Bakı Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsinə tabe olan Bakı şəhər Milisi yaradılmışdır. 13 noyabr 1917-ci ildə Bakıda polis orqanları buraxıldı, əvəzində Sovet milisinin təşkil edilməsi barədə Bakı soveti tərəfindən qərar qəbul edildi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. AXC dövründə ölkənin təhlükəsizliyi və ictimai asayişi təmin etmək  üçün ilk Daxili İşlər Nazirliyi yaradılıb fəaliyyət göstərmişdir. 1918 - 1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyəti 2 ilə yaxın, cəmi 23 ay yaşasa da əsl müstəqil dövlətçiliyimizin təcrübəsi, indi varislik nöqteyi nəzərindən tarixi örnək roluna malikdir. Ulu öndərimiz Heydər Əliyev demişdir: «Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik».
Azərbaycan Xalq Cümhuriyyətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə DİN-nin xüsusi istintaq komissiyası təsdiq edilmişdir, həmin komissiyaya 1918-ci ilin mart soyqırımı, Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı törədilmiş cinayətləri təhqiq etmək tapşırılmışdır. 1918-ci ilin payızında Bakıda İçərişəhərdə polis məmurları hazırlayan «Qorodovoy məktəbi» açılmışdır.

1919-cu ildə Azərbaycan polisinin ümumi sayı 9661 nəfər təşkil edirdi. 1918-1920-ci illərdə Bakı Quberniyasının tərkibinə Göyçay, Cavad, Quba, Şamaxı və Lənkəran qəzaları daxil oldu. Bakı Quberniyasının ərazisi 39.075.15 kvadrat kilometr təşkil edirdi. Rusiya İmperiyası dövründə Bakı Polisi «polismeysterlik», Azərbaycan Xalq Cümhuriyyəti dövründə «polis» , Sovetlər İttifaqı dövründə «milis» və müstəqil Azərbaycan Respublikası dövründə isə «polis» adlandırılmışdır.
1991-ci ildə tarixi ədaləti bərpa edib müstəqil dövlətini yaratmış Azərbaycan xalqı müstəqilliyinin ilk illərində  daxili böhranla, xarici təcavüzlə üz-üzə qaldı, ölkədəki xaos polisdən də yan keçmədi. Hakimiyyətdəkilərin səriştəsiz idarəçiliyi ölkədə güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini iflic vəziyyətə salmışdı. O zaman mövcud olan qeyri-sabit içtimai-siyasi vəziyyət ölkənin bütün yerlərində olduğu kimi, Bakı şəhərində də kriminogen durumu xeyli gərginləşdirmiş, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların at oynatmasına şərait yaratmışdı. Belə bir durumda erməni təcavüzü vəziyyəti daha da çətinləşdirirdi. Müharibənin ilk illərində Azərbaycanın milli ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: «Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.»
Azərbaycan dövlətinin hərtərəfli inkişafında və milli dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə qayda-qanun yaradılması, xaos və özbaşınalığa son qoyulması, dövlətimizin ictimai-siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində atdığı müdrik və qətiyyətli addımlar respublikamızın əhalisi tərəfindən rəğbət və hörmətlə qarşılandı.

Beləliklə, ulu öndər Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. 1994-cü ilin aprel ayının 29-da cənab Ramil Usubovun  Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi, az sonra “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Prezident Fərmanının imzalanması ilə qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.  

Ümummilli lider  Heydər Əliyev cənablarının 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi günü elan edilmişdir. Bununla əlaqədar polis  əməkdaşları hər il 2 iyulu peşə bayramı kimi qeyd edirlər.

Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan Bakı polisi bu gün müasir tələblərə cavab verən inzibati bina, texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşları mütəmadi olaraq artırılır, sosial vəziyyəti yaxşılaşır.

Azərbaycan Respublikasının Prezidenti bu barədə demişdir: «Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir».

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan Bakı şəhər Baş Polis İdarəsi bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm də mənəvi tələbat baxımından müasir standartlara cavab verəcək səviyyəyə yüksəlir.






Çap et  Çap et