Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

TƏHLÜKƏSİZLİK KƏMƏRİ ÖLÜM RİSKİNİ AZALDIR

17.08.2015

Məlum olduğu kimi, avtomobil sənayesinin tarixi 120 ili keçib. lakin, ilk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərib ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün olardı.

Aparılan araşdırmalar göstərir ki, qəza zamanı ölüm hallarının baş verməsinin ilkin səbəblərindən biri sürət həddinin aşılması, ikincisi isə təhlükəsizlik kəmərindən istifadə edilməməsidir. Deməli, bəzən sürücülərin məsuliyyətsizliyi onlara həyatları bahasına başa gəlir. Bir neçə il əvvəl paytaxt yollarında sürücülərin təhlükəsizlik kəmərindən istifadə etmədiklərini görürdük. Bu gün isə reallıq olaraq yol polisi paytaxt və ölkə ərazisində keçirdikləri profilaktiki tədbirlər nəticəsində, sürücülərin 45 faizi təhlükəsizlik kəmərlərindən istifadə edir. Amma bu hələ də yaxşı göstərici hesab olunmur. Sürücünün yanında əyləşmiş sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadə etməsi vəziyyəti daha da yaxşılaşdıra bilər. Artıq bunu sərnişinin öz ixtiyarına verilməsi heç də yaxşı hal deyil.

Hər bir sürücü öz həyatını qorumaq üçün təhlükəsizlik kəmərindən istifadəyə diqqət yetirməlidir. Həmçinin maşındakı sərnişindən də bunu tələb etməlidir. Çünki heç kəs qəza zamanı sərnişinin təhlükəsizliyini təmin edə bilməz. Böyük toqquşmalarda ölüm hadisəsi kəmər taxılmadığı üçün sürücünün və ya sərnişinin maşının ön şüşəsindən çıxması nəticəsində baş verir.  Statistik araşdırmalar nəticəsində məlum olub ki, qəzalarda xəsarət alanların sayının azlığına görə İsveçrə dünyada birinci yeri tutur. Bunun səbəbi isveçlilərin 93 fazinin təhlükəsizlik kəməri taxmasıdır. Hazırda bu ölkədə vətəndaşlarının təhlükəsizlik kəmərlərinin istifadəsi məcburi olduğu vaxtdan bəri ağır yol nəqliyyatı hadisələrinin sayı 5 dəfə, yüngül qəzaların sayı 3 dəfə azalmışdır.

Yaponiyada aparılmış statistik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, təhlükəsizlik kəmərlərindən istifadə 100 hadisədən 75-də ölüm hadisələrinin olmamasını təsdiqləyir. Amerika mütəxəsisləri isə hesab edir ki, kəmərlər toqquşma zamanı 100 hadisədən 77 halda, aşma zamanı isə 91 halda sürücünün həyatını xilas edir. Azərbaycanda da təhlükəsizlik kəmərlərindən istifadə mütləqdir. Bu qanuna etinasızlıq göstərənlər cərimə ilə cəzalandırılırlar. Onu da qeyd etmək lazımdır ki, hazırda təhlükəsizlik kəməri bağlanmadığı halda bir sıra xarici markalı avtomobillər işə düşməzdən əvvəl, sürücü kəməri bağlamayınca siqnal verir. Belə avtomobillərə paytaxt küçələrində də rast gəlmək mömkündür. Bu unutqan sürücülər üçün yaxşı yaddaş vasitəsi hesab olunur.

Nəhayət, məlum olduğu kimi  2012-ci il Azərbaycan İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər edildi. Dəyişikliyə əsasən, bəzi yol hərəkət qaydalarının pozuntularına görə, cərimələrin məbləği artırılıb. Belə ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qaldırılıb. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat, hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat, hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat miqdarında cərimə müəyyən edildi.

Cəzalar sərtləşdirildikdən sonra bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Məsələn, vaxt var idi ki, təhlükəsizlik kəmərlərindən ümumiyyətlə istifadə olunmurdu. İndi isə buna az rast gəlinir.  







Çap et  Çap et