Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

DAXİLİ İŞLƏR ORQANLARININ VƏ DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİNƏ

31.12.2021

Əziz həmkarlar!
Yola saldığımız 2021-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi sahəsində funksiyalar digər dövlət orqanları ilə sıx qarşılıqlı əlaqədə layiqincə həyata keçirilmiş, sabitlik qorunub saxlanılmışdır. Möhkəm nizam-intizama, müasir infrastruktura və maddi-texniki bazaya malik daxili işlər orqanları və Daxili Qoşunlar xidməti tapşırıqların və işğaldan azad edilmiş ərazilərdə mühüm vəzifələrin icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə seçilmiş, bütövlükdə qarşıya qoyulmuş əsas hədəflərə nail olunmuşdur.  
Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi, bütün sahələri əhatə edən  sistemli islahatlar, xalqla Liderin sarsılmaz birliyi sayəsində əldə olunan bu və digər uğurlar, eyni zamanda şəxsi heyətin peşəkarlığının, vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş davamlı səylərinin nəticəsi kimi xüsusi qeyd edilməlidir.
Xidmətdə fərqlənənlərin möhtərəm Prezident tərəfindən orden və medallara layiq görülməsi, habelə əməkdaşların və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi barədə əhəmiyyətli qərarların qəbul edilməsi Zati-alilərinin şəxsi heyətin əməyinə verdiyi yüksək dəyərin növbəti əyani təsdiqi olmuşdur.
Əminəm ki, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ali etimadını doğruldacaqsınız.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti, hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşların və hərbi qulluqçuların ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, xidmətdə yeni-yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək! 
Vilayət Eyvazov,
Azərbaycan Respublikasının
daxili işlər naziri,
general-polkovnik





Çap et  Çap et