Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Fevralın 25-də Bakı Şəhər Baş Polis İdarəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

25.02.2017

  Mərasim soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsilə başladı.

Anım mərasimində çıxış edən Bakı Şəhər BPİ-nin rəis müavini, polis general mayoru Elxan Həsənov bildirdi ki, Xocalı  faicəsi xalqımıza qarşı törədilmiş ən qanlı cinayət hadisələrindən biridir. 25 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri dinc əhaliyə divan tutublar. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca, 8 ailə isə tamamı ilə məhv edilib. Ötən əsrdə dünyanın bir neçə yerində genosid və etnik təmizləmə cinayətlərinin baş verdiyini xatırladan rəsi müavini Xocalı faciəsinin onların içində ən dəhşətlilərindən biri olduğunu vurğuladı.

Daha sonra faciənin baş vermə səbəbləri və onun nəticələri barədə Baş İdarə rəsinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev geniş məruzə ilə çıxış etdi.   
Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını qeyd edən natiq vurğuladı ki, 1988-ci ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində  torpaqlarımızın 20 faizi işğal olunub, 20 mindən artıq insan həlak olub, 50 mindən çox insan yaralanıb, 1 milyondan çox insan qaçqın düşüb. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan  Xocalı soyqırımı isə Azərabycanın  ən ağır faciəsidir. Mahiyyəti etibarilə Holokost,  Srebrenitsa, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir.

Xocalı soyqırımını həyata keçirməkdə düşmənlərin  əsas məqsədi xalqımızı tutduğu yoldan - azad dünya ilə yaxınlaşaraq Azərbaycanın müstəqilliyini, azadlığını möhkəmləndirmək yolundan çəkindirmək olduğunu deyən Əli Vəliyev bu faciə zamanı həlak olanları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid adlandırdı.

Diqqətə çatdırıldı ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə dəqiq siyasi xətt müəyyənləşdirib. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17-də Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi” haqqında Fərman imzalayıb, müxtəlif qərarlar qəbul olunub.  

Tədbirin sonunda Bakı Şəhər BPİ-nin rəis müavini, polis general mayoru Elxan Həsənov  vurğuladı ki, Xocalı heç zaman unudulmayacaq. Biz düşmənimizi tanıyırıq və onun vəhşilikləri bir daha təkrar olmasın deyə daim hazır olmalıyıq.





Çap et  Çap et