Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Polis sabitlik və inkişaf yolunda

02.06.2018

Müasir dövrdə qanunçuluğu qorumaq, cinayətkarlıqla mübarizə aparmaq bir tərəfdən asandır, digər tərəfdən də çətindir. Asandır, ona görə ki, indi hüquq-mühafizə orqanlarının texniki imkanları genişlənir, yeni texnologiyalar, yeni metodlar tətbiq olunur. Çətindir, ona görə ki, cinayət və cinayətkarlıq meydanının ildən-ilə daralması, təhlükəli əməllərə meyilli olan insanları yeni və gizli yollar axtarışına vadar edir. Bu da indi hüquq-mühafizə orqanlarının, o cümlədən polisin qarşısında yeni tələblər qoyur. 
 
Ötən ilin nəticələri, təhlil və ümumləşdirmələri göstərir ki, Azərbaycan polisi bu dəyişikliklərin fərqindədir, respublikada qanunçuluğu qorumaq əzmindədir.  Bu gün polis dövlətin qanuni mənafelərini cinayətkar qəsdlərdən qorunmasında digər hüquq-mühafizə orqanları ilə birgə məqsədyönlü tədbirləri davam etdirir, kriminogen durumu bütövlükdə nəzarətdə saxlayır. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Həqiqətən də cəmiyyət nə qədər ehtiramla yanaşsa da, ictimai qaydanın qorunmasında polisdən başqa heç kəsdən məsuliyyət tələb etmir. Təbiidir. Bu məsuliyyət qanunla polisə həvalə olunub. Xidmətdə qanunçuluq, cəmiyyətin maraq və mənafelərinə uyğun fəaliyyət prinsipi əsas istiqamətə çevrilib. Bu prinsiplər hər bir polis əməkdaşının ictimai məsuliyyətini artırır.  

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan konkret vəzifə ondan ibarətdir ki, hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır. Polisin fəaliyyət prinsipləri və istiqamətləri ilə bağlı “Polis Haqqında Qanun”da vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Deməli, ancaq polis hər kəsdən bu prinsiplərdən irəli gələn hüquq, vəzifə və səlahiyyətləri tələb etmək məsuliyyətini daşıyır. 

Cəmiyyətin, ayrı-ayrı fərdlərin subyektiv zövqündən, yaxud münasibətindən asılı olmayaraq, ictimai şüurda kifayət qədər obyektiv olan “ictimai mədəniyyət” təsəvvürü var ki, cəmiyyət inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Çünki azərbaycanlı şüurunda da “ictimai mədəniyyət “ təsəvvür-anlayışı o qədər “pasport”laşıb ki, rastlaşdığı hər hansı qayda pozuntusu, hətta xırda bir məişət səs-küyü onu narahat etdikdə, haqlı olaraq, polisi axtarır. Haqlı olaraq bir xüsus var ki, polis cəmiyyətin arxalandığı etibarlı təşkilat olaraq, milli təəssübkeşliyi ilə seçilir. Faktlar, görülən işlər, əldə olunan uğurlar arxayınçılığa əsas vermədən onu göstərir ki, ölkəmizdə ictimai sabitlik etibarlı qorunmaqla dayanıqlı xarakter daşıyır. 

“Polis” qəzeti





Çap et  Çap et