Şagirdlərlə daha bir görüş keçirilib
05.06.2019
Təhsil müəssisələrində narkomaniya əleyhinə profilaktik tədbirləri davam etdirən polis əməkdaşları Nizami rayonunda 109 saylı məktəbin şagirdləri ilə görüşüblər.
“Gənclər narkomaniyaya yox deyir” adlı tədbir iyunun 4-də Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsi, İctimai Təhlükəsizlik İdarəsi və Nizami RPİ-nin birgə təşkilatçılğı ilə baş tutub.
Mövzu ilə bağlı İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şirəli Babayev, İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova və Nizami Rayon Polis İdarəsinin baş inspektoru Pərvanə Əzizova şagirdlərə geniş məlumat veriblər.
Çıxış edənlər yetkinlik yaşına çatmayanların hüquq və məsuliyyəti barədə məlumat verərək, onları hüquq pozuntularından uzaq durmağa səsləyiblər. Zərərli əməlin dərsdən yayınma meyillərindən tutmuş, narkotik bəlasına düçar olmaya qədər dəyişə biləcəyi şagirdlərin diqqətinə çatdırılıb, nümunəvi vətəndaş kimi formalaşmaları üçün hər bir gəncin öz vəzifəsini bilməli olduğu qeyd edilib, dövlətin gənclər üçün hər cür şərait yaratdığı, onlara böyük diqqət və qayğı göstərildiyi vurğulanıb.
Bildirilib ki, gənclər bir millətin gələcəyi hesab olunur, dövlətimizin gələcək inkişafı da sağlam, intellektual gənclərin potensialından asılıdır. Narkotik vasitələr isə bu gələcəyə təhlükə törədə bilər. Narkotik hər bir adam üçün həm sağlamlığın, həm də azadlığın itirilməsi deməkdir. Əsrin bəlası sayılan bu təhlükəyə qarşı bütün cəmiyyət, o cümlədən xüsusən gənclər, yeniyetmələr ayıq-sayıq olmalıdırlar.
Görüş şagirdlərin suallarının cavablandırılması ilə başa çatıb.