Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

BAKI POLİSİ QANUNÇULUĞUN VƏ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏDİR

22.04.2015

Aprelin 22-də Bakı Şəhər Baş Polis İdarəsində 2015-cü ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir. 
 
Müşavirəni giriş sözü ilə açan Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirmişdir ki, yola saldığımız 2015-cü ilin ilk 3 ayı da respublikamız üçün əlamətdar olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət  nəticəsində Azərbaycanın uğurlu inkişafı davam etmiş, respublikamızın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu daha da artmış, sosial-iqtisadi problemlər öz həllini tapmışdır. Bütün bu uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilmişdir. Cənab nazir Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı Şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd etmişdir.
 
Daha sonra 2015-ci ilin I rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə müşavirə iştirakçılarına təqdim edilmişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 2.933 (ötən il 2.957) cinayət qeydə alınmış, onların 2.402-i və ya 81,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən,   531-i və ya 18,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7,0%, az ağır cinayətlər 5,9%, böyük ictimai təhlükə törətməyən cinayətlər 4,0%, mülkiyyət əleyhinə cinayətlər 0,2%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə,  xüsusi əmlak oğurluğu 10,7%, mənzillərdən oğurluq 11,4%, avtonəqliyyat oğurluğu 11,1%, insan alveri cinayətləri 35,3% azalmış, xuliqanlıq cinayətləri isə sabit qalmışdır. 
Ümumi cinayətlərin 68,7%-nin (ötən il 66,4%), ağır növ cinayətlərin 75,5%-nin (ötən il 73,0%), bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8%-nin (ötən il 55,9%) açılması təmin olunmuşdur.
 
Bununla yanaşı hesabat dövründə qeydə alınmış 414 şəxsiyyət əlehinə ötən ildən icrada olmuş cinayətlərlə birlikdə 89,9%-nin (ötən il 86,4%), o cümlədən qəsdən adam öldürmələrin (ötən il 85,0%), eləcə də adam öldürməyə cəhdlərin, zorlamaların (ötən il 83,3%) hamısının açılması təmin olunmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin açılması 1,8%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri 5,7%, mülkiyyət əleyhinə cinayətlər 2,8%, xüsusi əmlak oğurluqları 4,3%, o cümlədən mənzil oğurluğu 3,1%, dələduzluq cinayətləri 4,9%, zorlama cinayətlərinin açılması 16,7%,  hədə-qorxu ilə tələb etmələr 66,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2% yaxşılaşmışdır.
 
Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilmiş,  həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kq 284 qram (ötən il 72 kq.616qr) narkotik vasitə çıxarılmışdır.
 
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınmış, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunmuşdur. İstintaq işlərinin və təhqiqatın aparılması, yol hərəkəti təhlükəsizliyinin təmini, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilmişdir.
 
Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış etmiş, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər. 
 
Bakı şəhər BPİ-nin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2015-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirmiş, nöqsan və çatışmazlıqları qeyd etmiş, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini vermişdir. Baş İdarənin rəisi dövlət rəhbərliyinin I Avropa Oyunları ilə əlaqədar əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.  Polis general-mayoru Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaqdır.





Çap et  Çap et