Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

POLİS - VƏTƏNDAŞ MÜNASİBƏTLƏRİ

25.06.2015

Bütün dünyada polisin xidməti təftiş olunur və bir qayda olaraq həmişə ondan daha yüksək nəticələr gözlənilir. Hazırda polis xidmətinin səviyyəsi cinayətkarın tutulması ilə deyil, daha çox cinayətin qarşısının alınması ilə ölçülür. Təbii ki, bütün hüquqazidd əməllərin qarşısında polis var. Bu isə polisin vəzifəsini istənilən səviyyədə yerinə yetirməsi üçün insanlarla münasibətdə ümumi meyarlar müəyyən edir.

Cəmiyyətin dəstəyi olmadan cinayətkarlığa qarşı mübarizə aparmaq olmaz, eləcə də, asayiş keşikçisi olmadan dövlətin, toplumun təhlükəsizliyindən danışmaq mümkün deyil ki, bu teoriya özünü çoxdan təsdiq edib.  Polis - cəmiyyət münasibətində həm qanun keşikçilərinə inam, həm də cəmiyyətə, ictimaiyyətə arxalanmaq, güvənmək amili meydana çıxır. Yəni münasibətlər uğuru qarşılıqlı olmadan aslıdır.

 Belə olan halda polisin bir qorxu təşkilatı olmaqdan çıxıb nüfuzlu inistitut kimi formalaşması baş verir və qəbul edilir. Məhz bu zaman cinayətkarlıqla mübarizə istənilən nəticəni verir.  Deməli, polis - vətəndaş münasibətlərinin qurulmasında hər iki tərəfin yaxınlaşması əsas şərtdir. Yalnız polisin bu sahədə irəliyə addımı kifayət edə bilərmi? Ekspertlər hesab edir ki, vətəndaş da eyni səviyyədə yaxınlaşmaq istəyində olmasa, bu suala müsbət bir cavab vermək mümkün deyil. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, bu, tək tərəfin səyilə reallaşan deyil, qarşı tərəfin - medalyonun o biri üzünün də köməyi lazımdır.

Bu məsələ ilə bağlı dünya təcrübəsində təklif edilən həll yollarına nəzər salsaq, görərik ki, əsas  faktor vətəndaşın müraciətinə verilən reaksiyadan asılıdır. İnsanlar polisdən dərhal çevik reaksiya gözləyir. Etiraf etmək lazımdır ki, bu başa düşüləndir və buna onların haqqı da var. Ən azı ona görə ki, hər hansı cinayət hadisəsi ilə üzləşmiş adamın psixoloji vəziyyəti nəyin mümkün olub, olmadığını analiz etməyə imkan verməyə bilər. Zərərçəkəni yalnız bir şey maraqlandırır: əmlakına, canına xətər yetirən dərhal tapılsın və cəzalandırılsın. Sonrası polisin işidir.  Ölkəmizdə vətəndaş müraciətinə dərhal reaksiya verilməsi işini “102 xidməti” tam həll edib - desək, yanılmarıq. Məhz bu xidmətinin işə düşməsi ilə, həm də cəmiyyətlə münasibətlərin tənzimlənməsində müsbət tendensiya başladı. Fikrimizi gücləndirmək üçün DİN-in son kollegiya iclasında səsləndirilmiş bir faktı qeyd etmək istərdik.

İclasda bildirilib ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük rolu olub. “102” xidməti-zəng mərkəzi  və “Təhlükəsiz şəhər” sistemlərinin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhv etmə və sair cinayətlər “isti izlərlə” açılıb, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb. Bu faktlar ondan xəbər verir ki, operativ reaksiya cinayətin “isti izlərlər” açılmasına səbəb olur, bu isə vətəndaşda məmnunluq, inam yaradır və polisin nüfuzunu artırır.
 
Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı var. Sistemlərin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarətini daha da gücləndirib.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, polis əməkdaşlarının hadisə yerlərinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsi təmin edilib ki, nəticə etibarı ilə hər kəsin rahat yaşaya biləcəyi təhlükəsiz şərait yaranıb. Əslində bir həqiqət də vardır ki, polis də bir cəmiyyətin üzvüdür, bizlərdən biridir. O, öz vəzifələrini yerinə yetirərkən insanlarla münasibətdə maksimum diqqət, həssaslıq  göstərmək məcburiyyətindədir. Hətta polisin səliqəli geyimi, müraciət forması, davaranışı, səs tonu belə fərdin düşüncəsində və deməli, ictimai rəydə təəssürat yaradır.
 
Bir sözlə, insanlar onlara hörmət edən, can və əmlak güvənliyini təmin edən polisi özlərindən bilməklə polis - vətəndaş münasibətinin sağlam təməlini yarada bilərlər. Digər tərəfdən,  polisə yardımçı olmaq, həm də hər birimizin vətəndaşlıq borcudur. Bu sabit cəmiyyət yaratmaq və təhlükəsizliyi qorumaq üçün ilk növbədə insanların maraqlarına cavab verir. Son illər ərzində bu sahədə İctimai Şura üzvlərinin imkanlarından istifadə olunur ki, münaqişəli ailələr, qonşular və qohumlar arasında mülki öhdəçilik, qısqanclıq və s. səbəbdən olan uzunmüddətli ziddiyyətlərin aradan qaldırılması üçün zəruri profilaktik tədbirlər müəyyənləşdirilərək həyata keçirilir. Hər şey  ona hesablanır ki, cinayət törədilməzdən öncə qarşısı alınsın.





Çap et  Çap et