KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

30.10.2019

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisindəki apteklərin birindən 7000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Dadaşzadə saxlanılmışdır. Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon  ərazisində “Topaz” mərc oyunları məntəqələrinin birindən 6220 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əlizadə saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 27-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş əcnəbi vətəndaş D.Qoqiçaişvilinin ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Xətai RPİ-nin 35-ci və 36-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 8 evdən pul və qızıl-zinət  əşyaları oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini V.Zeynalovun idarə etdiyi “AzSamand” markalı avtomobildən 571 qramdan çox heroin aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini A.Alməmmədov oktyabrın 29-da saat 6 radələrində Sulutəpə qəsəbəsinin ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırılmasını bildirmişdir. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılmışdır.