Vətəndaşların nəzərinə

Əsas səhifəFaydalı məlumatlar

Unutmayın ki,  törədilən cinayətlərə və cinayətkarlara qarşı mübarizə yalnız polisin deyil, bütün cəmiyyətin borcudur.

Təəssüflər olsun ki, cəmiyyətimizdə ümumdavranış qaydalarına riayət etməyən, qeyri-sağlam həyat tərzi sürən, qanunu pozmağa meyilli və cinayəti özünə peşə edən şəxslər vardır. Cəmiyyətimizin bu şəxslərdən azad olunmasında, islah olunaraq normal həyat tərzinə qayıtmasında hamımızın üzərinə vəzifələr düşür. Hər bir vətəndaş cinayətlərə qarşı barışmaz mövqedə durarsa, öz həyatına təhlükə yaratmadan cinayətin qarşısının alınmasında, cinayətin nəticələrinin aradan qaldırılmasında və cinayəti törətmiş şəxsin müəyyən olunub tutulmasında hüquq-mühafizə orqanlarına dəstək olarsa, bu zaman cinayətlərin də sayı azalar və biz daha təhlükəsiz cəmiyyətdə yaşayarıq. Gəlin hamılıqla cinayətkarlığa qarşı mübarizə aparaq.

Lakin bu zaman unutmayaq ki, öz təhlükəsizliyiniz də hamının təhlükəsizliyi kimi vacibdir və laqeyd qaldığımız hər bir cinayət hadisəsi gələcəkdə sizə və yaxınlarınıza qarşı da törədilə bilər.

Cinayətin şahidi olduğunuz zaman aşağıdakı davranış qaydalarına riayət etməyinizi tövsiyyə edirik:
1. Hazırlanan və ya törədilmiş cinayət hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat verin.
2. Öz təhlükəsizliyinə xələl gəlmədən cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsə yardım edin.
3. Hadisə yerinə digər şəxslərin yaxınlaşmasının qarşısını almağa çalışın və onları hadisə yerinə yaxınlaşdıqları zaman zərər ala biləcəkləri barədə xəbərdar edin.
4. İlkin tibbi yardım qaydalarını öyrənin və zəruri hallarda tətbiq edin.
5. Hadisə yerinə təcilli tibbi və digər yardım çağırın.
6. Cinayəti törətmiş şəxsin zahiri əlamətlərini, hərəkət etdiyi nəqliyyat vasitəsinin nömrəsini, hərəkət istiqamətini yadda saxlamaqla, onun müəyyən olunması üçün polisə kömək edin.
7. Şərait olduqda cinayət hadisəsini foto və ya videolentə almağa çalışın.
8. Cinayət hadisəsinin şahidlərini müəyyən etməkdə polisə kömək edin.