KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş İ.Zamanovun ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən...

30.01.2020

Oğurluq etdiyinə görə tutulmuş İ.Zamanovun ətrafında Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 6 evdən 700 manat dəyərində qızıl-zinət əşyaları, elektrik naqili, samovar, kombi aparatı, velosiped və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.

Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Babayev mərhum atasından qalmış “İJ-40” markalı yivli tapançanı və 33 ədəd patronu könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisindəki evlərin birindən 2200 manat, 500 manat dəyərində qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynzadə saxlanılmışdır.

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Samux rayon sakini V.Rüstəmov yanvarın 27-də kirayədə yaşadığı mənzilə aldatma yolu ilə girmiş naməlum şəxsin ona bıçaqla xəsarət yetirib oradan 300 ABŞ dolları apardığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini C.Quliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 evdən, 3 həyətyanı sahədən və 2 qarajdan 200 manat, ev quşları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, qardaş olan 2 yeniyetmə saxlanılmışlar.