KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində ...

30.08.2020

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanan görüntülərdə daha 2 nəfər - Pərviz Məmmədov və Rəşad Əmirov müəyyən ediliblər. Rayon Polis İdarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib. Onlar ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

Nəsimi RPİ 22-ci PŞ və Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 1421 manat pul və 80 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov Qax rayonu ərazisində saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-dan 30-dək olan müddətdə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində 8 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Abbasov saxlanılmışdır.