Xəbərlər

Əsas səhifə

Polislər məktəblilərlə görüşləri davam etdirir

29.11.2018

Narkomaniya, dini radikalizm və yol hərəkəti təhlükəsizliyi ilə bağlı profilaktik-maarifləndirici tədbirlər diqqət mərkəzindədir.Paytaxt məktəblərində narkomaniya, dini radikalizm və yol hərəkəti təhlükəsizliyi istiqamətində hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədbirləri keçirilib.
 
Noyabrın 27-də Buzovna qəsəbəsində yerləşən 26 saylı tam orta məktəbdə keçirilən tədbirdə Xəzər RPİ-nin rəisi, polis polkovniki Azər Muradov dini radikalizm və narkotikanın zərərli təsirlərinə toxunaraq qeyd edib ki, diqqətdə olan bu məsələ, aktual xarakter daşıyır. Baş verən cinayətlərin böyük hissəsinin əsas motivi alkoqalizm, narkomanlıqla səbəbli əlaqə olduğunu qeyd edən idarə rəisi gəncləri zərərli vərdişlərdən uzaq durmağa, həmçinin bütün cəmiyyəti bu bəlaya düçar olan insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyib.
 
Daha sonra Xəzər RPİ Veteranlar Şurasının sədri İsmayıl Qasımov, Polis Akademiyasının müəllimləri – polis polkovnik-leytenantı Vüqar Mansurov və polis leytenantı Ata Vəliyev dini radikalizmin dünyada yol açıdığı münaqişələr barədə, eləcə də internetdən təhlükəsiz istifadə ilə bağlı geniş məruzə ediblər. 
Tədbirin sonunda Xəzər RPİ rəisi tərəfindən tədbirdə fəal iştirak edən və antinarkotik mövzusunda çəkilən rəsmlərin sərgisinə görə şagirdlərə Fəxri Fərmanlar təqdim olunub. 

Novbəti tədbir noyabrın 28-də Xətai rayonunda yerləşən 56 nömrəli orta məktəbdə keçirilib. Bakı şəhər BPİ, rayon polis idarəsinin əməkdaşları və veteranlar şurasının üzvləri narkomaniya, dini radikalizm və yol hərəkəti təhlükəsizliyi ilə bağlı söhbətlər aparıb, məktəbin şagirdlərini maraqlandıran suallara cavab verib, şagirdlərin yaradıcılıq sərgiləri ilə tanış olub. 
 
Rayon polis idarəsinin rəisi, polis polkovniki Muradəli Babayev məktəbin sinif otaqlarını gəzərək, şagirdlərin dərsə davamiyyətini nəzərdən keçirib, ibtidai sinif şagirdləri ilə maraqlı söhbətlər edib, oxumağın, təhsilin insan üçün faydasından danışıb. 
 
Sonra yuxarı sinif şagirdləri ilə keçirilən görüşdə polis polkovniki qeyd edib ki, narkomaniya, dini radikalizm və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizənin əsas məqsədi sağlam cəmiyyətin formalaşmasını təmin etməkdir. “Üzərinizə düşən məsuliyyəti dərk edin: birinci oxumaqdır, yaxşı təhsil almaqdır. Bu sizi doğru yola çıxaracaqdır”, - deyə vurğulayan idarə rəisi cinayətkarlıqla mübarizədə sözügedən məsələlərin həlledici olduğunu konkret faktlara əsaslanmaqla sadalayıb. 
 
Qarşılıqlı müzakirə və dialoq şəratində keçirilən görüşdə məktəbin direktoru Hicran Qarabəyli tədbirin əhəmiyyətindən danışıb, məktəbin 8-ci sinifinin fəal şagirdlərindən olan Fidan Əliyeva cəmiyyətin davranış normalarına uyğun olmayan insanların təhlükəsindən bəhs edib. 
 
Şagirdin hazırlıq səviyyəsi, özünü ifadə etmək bacarığı tədbir iştirakçıları arasında böyük heyranlıq yaradıb. 
Müzakirələrdə Xətai RPİ rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı İdrıs Məhərəmmov, rayon DYP-nin əməkdaşı, polis mayoru Fərid Əhədov və Bakı şəhər BPİ-nin “Polis” qəzetinin redaktoru, polis kapitanı Elşad Hacıyev mövzu üzrə çıxışlar ediblər.